Əfqanıstanda taliblərlə toqquşma: 20 əsgər həlak olub
Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşma nəticəsində hökumət qüvvələrinin azı 20 əsgəri həyatını itirib.
1news.az Tolo News telekanalına istinadla xəbər verir ki, Fərah əyalət şurasının üzvü Abdullah Səmada Salehinin sözlərinə görə, toqquşma Gülistan rayonunda olub. Əyalət polisinin nümayəndəsi Mohibullah Mohib isə öz növbəsində hava zərbələri nəticəsində Bekva rayonunda 18 “Taliban” döyüşçüsünün öldürüldüyünü, 25 silahlının isə yaralandığını bildirib.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində taliblərə və terror qruplaşmalarına qarşı birgə əməliyyatlar keçirirlər.
1news.az