“WorldFood Azerbaijan 2019” sərgisində 190-dək şirkət iştirak edəcək
Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edəcək.
1news.az xəbər verir ki, 25 illik yubileyini qeyd edən sərgi uğurlu fəaliyyəti ərzində 40-dan çox müxtəlif ölkəni təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribütor tapıb və uğurlu biznes qurub.
Builki sərginin iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. İtaliya, Türkiyə və Şri-Lanka isə tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Varonij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunur. Həmçinin bu il sahəsi genişlənmiş Belarusun milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim ediləcək.
Ənənəvi olaraq, "Made in Azerbaijan" brendi ilə sərgidə geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları, həmçinin metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları arasında “WorldFood” - qida sənayesi, “WorldDrink” - içkilər, “WorldFoodTech” texnologiyaları sektorları da yer alır. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də, meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və sair kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edəcəklər. Sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40 faizini təşkil edir.
1news.az