“Mançester Yunayted”in ulduzu: Mxitaryan Bakıya getməyə qorxursa, özünə pampers alsın
İngiltərənin "Mançester Yunayted" və "Everton" komandalarının keçmiş oyunçusu Andrey Kançelskis Rusfootbail.info portalına müsahibə verib.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, Andrey müsahibəsində Avropa Liqasının finalında "Çelsi" və "Arsenal" klubunun qarşılaşmasından və Mxitaryanın Bakıya səfərdən imtina etməsindən danışıb.
"Mən əminən ki, yaxşı futbol olacaq. Komandaların şansına gəldikdə, məncə, "Çelsi"nin şansı daha çoxdur. Çünki komanda bütün xətt üzrə balanslaşdırılmış oyun oynayır. Düşünürəm ki, qələbə onlarındır. Amma final finaldır. Məncə, penaltilərə qədər məsələ həll olunacaq. İstənilən halda, oyun əla olacaq. Çünki ingilislər açıq futbol oynayırlar.
Mxitaryanın getməməsini anlamıram. Kimdən qorxursan? Hansı siyasi münasibət? Sən futbol oynayırsansa, get və oyna. Bu, nə axmaqlıqdır. Gülməlidir sadəcə. Futbol futboldur, siyasət siyasətdir. Get və oyna. Sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan münasibətlərinə baxmayaraq getməlisən. Çünki heç kəs sənə barmağı ilə toxunmayacaq. Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın. Etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerinə olsam, onu cərimələyərəm. Əgər Avropa Liqasını uduzsalar, günahkar Mxitaryandır. Çünki getmədi və komandasına kömək etmədi", - Kançelskis bildirib.
1news.az