Günay Əhmədova: Düzgün qoyulan diaqnoz müalicənin uğurunun yarısıdır
Ultrasəs müayinəsi (USM) – hazırda çox populyar prosedurdur və maddi cəhətdən əhalinin bütün təbəqələrinə yetərlidir.
Müasir dövrdə Ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir. USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiya formalaşdıraraq ekranda göstərir.
Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur.
Ultrasəs müayinəsi diaqnostikası sahəsində yaxşı mütəxəssis olmaq üçün gözəl məkan təxəyyülünə, anatomiya sahəsində ideal biliklərə və inkişaf etmiş kliniki düşüncə tərzinə sahib olması tələb olunur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir.
Müsahibimiz Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu (Ultrasəs müayinəsi edən həkimə sonoloq deyilir. Bu söz sonoqrafiya sözündən götürülüb. Sonoqrafiya – ultrasəs dalğalarının köməyi ilə insan orqanizminin qeyri-invaziv tədqiqidir) Günay Əhmədovadır.
Qeyd edək ki, Dr.Günay Əhmədova əmək fəaliyyətinə 2011-ci ildə Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlayıb. Günay xanım daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullardan istifadə edir. “Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır”, - deyən Dr.Günay Əhmədova işinə daim məsuliyyətlə yanaşır, işlədiyi qısa müddət ərzində xəstələrin və hospitalın kollektivinin hörmətini qazanıb.
- Günay xanım, uzun illərdir siz Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi çalışırsınız. Sizin şəxsi təcrübənizə əsasən ultrasəs müayinələri xəstəyə düzgün diaqnoz qoyulmasına necə təsir edir və nə qədər vacibdir?
- Əlbəttə, USM ilə biz qoyulmuş diaqnozu təsdiq edirik, yəni terapevtlər və cərrahlar xəstənin anamnezinə əsasən ilkin diaqnozunu qoyur və ona əsasən biz onu ultrasəs tətbiq etməklə bu diaqnozun USM-də öz təsdiqini tapdığını və ya tapmadığını görürük. Bir də qoyulmuş diaqnozun təsdiqlənməsində USM-in nəticəsi vacibdir: bura cərrahi xəstəliklər, onkoloji xəstəliklər, kəskin qarın ağrısı şikayətləri ilə gələn xəstələr aiddir. Ultrasəs müayinəsi ilə diaqnoz düzgün qoyulursa, xəstələri müvafiq həkimlərə, şöbələrə istiqamətləndiririk. Onkoloji xəstəliklərdə onkoloqlar USM-ə əsasən müalicə metodlarını dəyişdirə bilirlər. Onlar xəstəliyi təqib etməklə, hansı müalicənin daha keyfiyyətli, əlverişli, müsbət nəticə verdiyini USM-in nəticələri əsasında görürlər.
Onkoloji xəstələrdə qeyd olunan strukturdan materialın invaziv üsulla alınıb patohistoloji laboratoriyaya göndərilməsində USM-in bizə göstərdiyi yardım ondan ibarət olur ki, USM aparatının altında iynəni müşayiət edərək, yəni invaziv üsulla həmin o görüntüdən – strukturdan, törəmədən materialı alarkən bir daha əmin oluruq ki, materialı məhz həmin törəmədən aldıq. Bununla da, patohistoloqun işini səhv istiqamətə yönləndirməkdən qoruyuruq. Deməli, bu iş US altında həyata keçirildikdə daha dəqiq olur və biz bir daha əmin oluruq ki, materialı doğru yerdən aldıq. Bizim verdiyimiz diaqnoz həkimlərin işini yüngülləşdirir və xəstələrin maddi dəyəri daha yüksək olan müayinə metodlarına müraciət etməsinə ehtiyac qalmır.
- Sizə daha çox hansı xəstəliklərlə müraciət edirlər?
- USM-nə hər yaşda, həm kiçik yaşlarda, həm də böyüklərdə qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Biz onları müayinə etdikdən sonra müvafiq uyğun bölmələr, şöbələr üzrə yönləndiririlk. Xəstəliyin diaqnozu cərrahidirsə cərrahlara, müalicə olunandırsa, terapevtlərə göndəririk.
- Hansı xəstəliklər adətən gizli başlayır və ancaq US aparatlarında özünü göstərir?
- Gizli başlayan xəstəliklərdən son 5 ili nəzərə alsaq, daha çox onkoloji xəstəliklər aşkar olunur. Xəstə adətən heç nədən şübhələnmədən rutin bir müayinə üçün müraciət edir. Heç bir ağrısı olmayan xəstələrdə onkoliji xəstəliklər aşkar edirik, bu daha çox yaşlı qruplarda - 25 yaşdan sonra rast gəlinir. Onlarda adətən ələ gələn şişkinlik və qızartı olmur. Heç bir şikayətləri olmayan pasiyentlərdə hər hansı dəyişmiş struktur aşkarkananda biz onlara sonrakı etapları izah edirik.
- Günay xanım, bir sıra xəstəliklər məhz sizin müayinələr sayəsində aşkarlanır. İnsanlara gözləmədikləri xəbərləri verirsiniz. Çətin deyilmi?
- Əlbəttə, çətin olur. Ağır xəstəliklərin uzunmüddətli müalicəyə tabe olan və ya tabe olmayan xəstəlik olacağını demək çətin olur. Etik olaraq xəstə ilə söhbət əsnasında biz bunun onun özünə və ya qohumlarına deyilməsinə qərar veririk. Yenə də, bu məsələdə hər bir xəstəyə individual yanaşmaq lazımdır. Xəstənin psixoloji durumu buna hazırdırmı? Mən həkim kimi tərəfdarıyam ki, hər bir xəstə öz xəstəliyini bilməli, sağalmaq üçün inamlı addımlar atmalıdır. Onlarla söhbət edərkən bəzi misallar gətirərək, başa salırıq ki, bu cür xəstələr çox olub, bir sözlə, onları müalicədən sonra sağalıb normal həyata qayıtmağın mümkünlüyünə inandırırıq.
- Günay xanım, insanlar adətən hər hansı orqanları ağrıyanda, onları narahat edəndə həkimə və ya USM-ə müraciət edirlər. Əslində bu, necə olmalıdır? İnsanlar müntəzəm olaraq müayinədən keçməlidirlərmi? Bu müayinələr arasında fasilələrin müddəti nə qədər olmalıdır?
- Biz daha çox kliniki şikayəti olan xəstələrə rast gəlirik. Çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Bəzən də xəstələr ətraflarında kiminsə hər hansı xəstəliyə tutulduğunu görüb təşvişə düşür və müayinədən keçmək üçün bizə müraciət edirlər. Qeyd edim ki, bütün ölkələrdə check-up deyilən müayinələr var. Bu müayinələrdən sonra insanın sağlamlığı haqqında müəyyən məlumat almaq olur. Məsələn, əvvəllər qadınlar müəyyən yaş hədlərində - 35-37 yaşlarında süd vəzisinin müayinəsi üçün bizə gəlirdilər. Yəni belə bir fikir formalaşmışdı ki, 30-35 yaşına qədər süd vəzisinin müayinəsinə getmək lazım deyil. Bu doğru deyil, yanlış yanaşmadır. Hər yaşda süd vəzisinin müayinəsi lazımdır və vacibdir. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, mənim xəstələrim arasında hər yaş qrupundan olan xəstə var. 18, 25, 35-dən yuxarı xəstələr var ki, müayinə zamanı onlarda süd vəzi xərçəngi aşkarlanır.
Uşaqlarda ginekoloji müayinələrin edilməsi də vacibdir. Körpə uşaqlarda biz ginekoloji orqanların olub-olmamağını müəyyən etməliyik. Çünki bəzən uşaqları ağrılarla gətirəndə artıq gec olur, biz uşaqlarda olan müxtəlif xəstəliklərlə rastlaşırıq. Mənim fikrimcə, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır. Heç olmazsa hər bir vətəndaş özünü ildə 1 dəfə profilaktik müayinə etdirməlidir. Yaxşı olardı ki, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki,qadınlar süd vəzisinin müayinəsindən 37 yaşdan sonra ildə 1 dəfə keçsinlər. Şikayət olduğunda süd vəzi USM müayinəsi hər yaşda aparıla bilər.
- İnsanlar arasında belə bir fikir yayılıb ki, hər hansı aparatdan çox keçmək orqanizmə ziyandır. Bu barədə oxuculara nə deyə bilərsiz?
- USM dünyada tibbdə geniş yayılmış müayinə metodlarından biridir. Son illərdə onun zərərsiz olduğu təsdiqlənmişdir. Ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və biz o görüntülər əsasında diaqnozu qoyuruq. Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir.
Hamilələrdən tutmuş yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunan müayinə metodudur. Zərərli olsaydı, məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Zərərli olsaydı biz bunları sözsüz ki, tətbiq etməzdik. Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir.
1news.az