ƏMDX qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin sahiblərinə müraciət edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin sahiblərinə müraciət edib.
1news.az-ın məlumatına görə, müraciətdə deyilir ki, ölkə Prezidentinin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli fərmanının icrasına başlanıldığı dövrdən bu il oktyabrın 14-nə qədər quruma 18 523 müraciət daxil olub.
İstismara qəbul olunmuş 4 956 obyektin 3 931-nə dövlət reyestrindən çıxarış verilib.
"Tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-nə qədər başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin sənədlərinin qəbulunu müvafiq icra hakimiyyəti orqanları davam etdirir və bu müddət 1 yanvar 2026-cı il tarixində başa çatır. Sahibkarlardan xahiş olunur ki, bu müddətədək tələb olunan sənədlərlə müraciət etsinlər və mövcud imkandan yararlansınlar.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Sözügedən fərmanda edilmiş dəyişikliyə əsasən bu cür obyekt sahibləri 1 yanvar 2026-cı ilə qədər tələb olunan sənədlərlə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.












