Beyləqanda heyvan bazarında monitorinq aparılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib.
AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Bu risklərin qarşısının alınması məqsədilə, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.















