“Qarabağ” “Dundalk”ı darmadağın edərək APOEL-ə rəqib oldu – VİDEO
“Qarabağ” dünən axşam Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
1news.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da İrlandiya çempionu “Dundalk”ı qəbul ediblər.
Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb.
Beləliklə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
“Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq.
“Dundalk” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın “Slovan” klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dundalk” (İrlandiya) - 3:0
Qollar: Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, “Dalğa Arena” stadionu
1news.az