“Buta Airways” Yaxın Şərqə yeni istiqamətlər açır
Azərbaycanın “Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.
1news.az-a “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata əsasən, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri – Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.
Yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.
Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
S.Xankişiyeva