Stereotipləri qıraraq: Azərbaycan müəllimləri əlilliyi olan uşaqlarla işləməyi necə öyrənir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Stereotipləri qıraraq: Azərbaycan müəllimləri əlilliyi olan uşaqlarla işləməyi necə öyrənir – FOTO – VİDEO

14:10 - 10 / 09 / 2019
Stereotipləri qıraraq: Azərbaycan müəllimləri əlilliyi olan uşaqlarla işləməyi necə öyrənir – FOTO – VİDEO

10 milyonluq Azərbaycanda əlilliyi olan uşaqların sayı 70 minə çatır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumatına görə məktəb yaşlı əlilliyi olan uşaqların yalnız 37%-i təhsil prosesinə evdə təhsil yaxud xüsusi internat məktəbləri vasitəsilə cəlb olunub.

BMT-nin Uşaq Fonduna (UNICEF) görə isə bu rəqəm 17% təşkil edir. Demək, digər uşaqlar ümumiyyətlə təhsildən məhrumdur.

Əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunmaması onların gələcəkdə cəmiyyətə inteqrasiyasını, eləcə də maliyyə müstəqilliyi imkanlarını minimuma endirir. Yetkinlik dövrünə çatdıqda belə, onlar valideynlərin, qəyyumların və digər ailə üzvlərinin dəstəyinə ehtiyac duyur.  

Belə bir vəziyyətdə cəmiyyət və bütövlükdə ölkə insan resursu potensialını əhəmiyyətli dərəcədə itirir. Hərçənd bu potensial gələcək inkişafa yönəldilə bilər. Axı, əlilliyi olan insanlar da nadir isteda malik ola bilərlər.

Məsələn, Stiven Hokinqi – yan amiotrofik sklerozdan əziyyət çəkən görkəmli astrofiziki bütün dünya tanıyır. Demək olar ki, tamamilə iflic olan bu dahi şəxsiyyət adını astronomiya elminin tarixinə qızıl hərflərlə yazdı.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Azərbaycanda əlilliyi olan uşaqların təhsilinin yaxşılaşdırılmasına yönəldilib. Bu layihə Təhsil Nazirliyinin dəstəyi və UNICEF  ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu layihənin ümumi büdcəsi 630 min avro təşkil edir. Layihə qismən Heydər Əliyev Fondu tərəfindən də maliyyələşir.

RİİB-i təmsil edən layihə rəhbəri Leyla Tağıyevanın sözlərinə görə, burada əsas məqsəd Azərbaycanda müəllimləri inklüziv təhsilin (İT) prinsipləri ilə tanış etmək, sinifdə şagirdlərə qarşı dostluq mühiti yaratmaq üçün müəllimləri lazımi mənbələrlə və dəstəklə təmin etməkdir. Belə bir mühit bütün uşaqlara keyfiyyətli təhsil almağa bərabər imkanlar yaradır.

Fotoda: L.Tagıyeva layihənin açılış mərasimində

Layihənin yekun mərhələsində qanunvericilik bazasının yenilənməsi və İT sahəsindəki boşluqların aradan qaldırılması ilə bağlı tövsiyələrin təqdim olunması nəzərdə tutulmuşdur.

Daha uzunmüddətli perspektivdə isə məktəblərdə tədris proqramının elə uyğunlaşdırılması nəzərdə tutulur ki, heç bir ayrı-seçkilik forması olmadan və universallıq prinsipini pozmadan əlilliyi olan uşaqlar da daxil olmaqla bütün uşaqların təhsil ehtiyacları ödənilsin.  

“Sağlam cəmiyyət inklüziya, yəni istisnasız bütün insanların qəbul edilməsi prinsipi üzərində qurulur. Layihəmizin çərçivəsində biz müəllimlərə məhz bu dəyərləri aşılamağa çalışırıq ki, onlar öz işlərində əlillik anlayışına tibbi baxımdan deyil, məhz insan hüquqları baxımından  yanaşsınlar”, - Leyla Tağıyeva belə deyir.

“Müəllimlərin əksəriyyəti anlayır ki, inklüziv təhsil müasir təhsil sistemində yeni bir tendensiyadır və əlbəttə ki, onlar, buna qarşı çıxmırlar. Təlimlərimizdə iştirak edən müəllimlərin böyük əksəriyyəti yeniliklərə açıq olan və öz üzərində işləməyi sevən müəllimlərdir”, - deyərək o, qeyd edir.

Layihə 2018-ci ilin may ayında start götürüb və 2020-ci ilin sentyabrında başa çatacaqdır. Layihə çərçivəsində 1000 ibtidai sinif müəllimi, 400 ali məktəb müəllimi və 2000-dən çox pedaqoji təhsil alan tələbə təlimlərə cəlb olunacaq. İndiyədək üç mərhələ üzrə keçirilən təlimlər 2020-ci ilin sentyabr ayına qədər davam edəcək.

Coğrafi baxımdan layihə Bakı şəhərini və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filiallarının yerləşdiyi beş regionu – Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı rayonlarını əhatə edir .

Bu ilin mart ayından bu altı şəhərdə yerləşən ADPU filiallarının nəzdində Resurs Mərkəzləri (yaxud İT mərkəzləri) fəaliyyət göstərir. Yaxın müddətdə isə inklüziv təhsil üzrə Azərbaycan dilində əhəmiyyətli materiallar təmin edən portal da fəaliyyətə başlayacaq.

Hər bir uşağın həmyaşıdları ilə birlikdə ümumtəhsil məktəbinə getmək hüququ beynəlxalq sənədlərlə (BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası) və Azərbaycanın milli qanunvericiliyi ilə (“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”) təsdiq edilir.

Fotoda: Layihə çərçivəsində müəllimlər üçün treninqlər

Leyla Tağıyevanın sözlərinə görə təlim kursunun əvvəlində müəllimlər tərəfindən anlaşılmazlıq, bir çox sual, hətta etirazlar belə yaranır. Köhnə metodologiya ilə işləməyə alışan bir çox müəllim yeni modeli qəbul etməkdə çətinlik çəkir. Amma təlim kursu müddətində onların əksəriyyəti dünyanın bir çox ölkəsində özünü təsdiq etmiş inklüziya prinsiplərini qəbul edir.

Layihə üzrə təlimlər keçən ADPU-nun baş müəllimi Gülşən Eminova inklüziv təhsil prinsiplərini böyük həvəslə qarşılayır. Bu gün artıq o özü inklüziv təhsil üzrə təlimçı statusuna malikdir.

“Təlimlərin əvvəlində mənim əlilliyi olan uşaqlarla işləməyin ümumi, yəni əlilliyin tibbi modeli haqqında anlayışım var idi. Layihə çərçivəsində mən əlilliyin sosial modeli ilə də tanış oldum. Əlilliyi olan uşaqların təcrid olunmaması, onları cəmiyyətin bərabərhüquqlu üzvünə çevirməsi üçün inklüziv təhsilin ən təsirli yol olması fikri ilə tam razıyam”, - deyərək, Gülşən Eminova vurğulayır.

Onun qənaətinə görə əlilliyi olan uşaqların ümumtəhsil prosesinə cəlb olunması sinifdə oxuyan başqa şagirdlərin də tərbiyəsinə müsbət təsir göstərəcək, onlara dünyanın müxtəlifliyini görməkdə, dözümlülük və qarşılıqlı yardım anlayışını aşılamaqda yardımçı olacaq.

Fotoda: G.Eminova treninqdə (mərkəzdə)

Ölkəmizdəki rayon məktəblərinin müəllimləri də yeniliklərə açıqdır. Azərbaycanın şimalında yerləşən Quba rayonundakı orta məktəbin müdiri Kamal Nadirov uşaqların birlikdə təhsil almaları üçün heç bir maneə görmür.

“Hər şey Allahın hökmü ilə baş verir”, - deyərək, Kamal Nadirov qeyd edir ki, əlillikdən heç kəs sığortalanmayıb və buna görə də çətin vəziyyətdə olan insanlara anlayışla yanaşmaq lazımdır.

O, deyir ki, bəzən müəllimlər əlilliyi olmayan uşaqların valideynləri tərəfindən anlaşılmazlıqla qarşılaşır, stereotip baxışlarına görə onlar öz uşaqlarının əlilliyi olan uşaqlarla bir sinifdə təhsil almalarını istəmir. Lakin Kamal Nadirov müəllimlərə də, valideynlərə də şəxsi nümunə göstərir. Belə ki, onun qızı ilə bir sinifdə əlilliyi olan uşaq təhsil alır.  

“Bunu gördükdə daha heç bir valideyndə sual ya da narazılıq qalmır”, - deyə, Kamal Nadirov qeyd edir.

O, əmindir ki, əlilliyi olan uşağa yaxşı bir həyat və keyfiyyətli təhsil verməklə ona özünəinam və uğurlu gələcəyə ümid bəxş edirik.

“Biz bu və ya digər formada əlilliyi olan uşaqları ümumi təhsil və peşə təhsili almaq imkanından məhrum etməməliyik. Bununla biz onları başqalarından asılı vəziyyətə salırıq. Biz bu problemi həll etməliyik", - Kamal Nadirov belə deyir.

Fotoda: K.Nadirov şagirdlərilə (mərkəzdə)

Bununla belə o, hesab edir ki, İT prinsiplərinin bütün ölkədə effektiv və tam şəkildə həyata keçirilməsi üçün təkcə müəllimlərlə yox, daha çox cəmiyyətlə işləmək vacibdir, çünki maneə yalnız müəllimlərin səriştəsizliyində deyil, həm də daha çox cəmiyyətin buna hazır olmamasındadır.

Beynəlxalq təcrübə onu göstərir ki, əlilliyi olan uşaqlarla işləmək xüsusi pedaqoji strategiyalar tələb etmir. Ölkəmizə dəvət olunmuş inklüziv təhsil üzrə beynəlxalq məsləhətçilər də bunu vurğulayıb.

Onlar əmindirlər ki, sinifdə uşaqyönlü pedaqogikanın tətbiqi, universal təlim dizaynı və müasir təlim metodları təhsilin keyfiyyətini yüksəldir və bundan yalnız əlilliyi olan uşaqlar yox, bütün uşaqlar faydalanır.

“İnklüziv məktəb – hamı üçün yaxşı məktəbdir”, - budur həyata keçirilən islahatların şüarı.

Azərbaycan hələ ki, inklüziv təhsilin tətbiqi yolunda ilk addımlarını atır. İndiki dövrdə yalnız yüngül əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb edilməsi nəzərdə tutulub. Prosesin daha geniş miqyas alması üçün cəmiyyətin buna hazır olması və bütün təhsil sisteminin uyğunlaşmasına ehtiyac var.

Bununla yanaşı, ölkə üzrə əlilliyi olan uşaqlar barədə dəqiq statistik məlumat bazasının formalaşdırılması, məktəb infrastrukturunun təkmiləşdirilməsi və bir sıra digər aidiyyəti məsələlərin də öz həllini tapmasına ehtiyac vardır.

Beynəlxalq ekspertlər qeyd edirlər ki, əlilliyi olan uşaqların çox kiçik bir qrupunun xüsusi təhsil ehtiyacları var. Belə olan halda Brayl əlifbası, jest dili, eləcə də digər yardımçı texnologiyalardan istifadəyə ehtiyac ola bilər.

Azərbaycanda təhsil sistemi və cəmiyyət ağır əlilliyi olan uşaqları inklüziv təhsilə cəlb etməyə hazır olduqda isə daha yüksək səriştəli kadr potensialına və dəstək xidmətinə ehtiyac olacaq. Bu günün ən vacib vəzifəsi isə prosesə başlamaqdır.

Yelena Ostapenko

Məqalə Aİ-nin Şərq Qonşuları layihəsi çərçivəsində hazırlanıb

Şəkillər RİİB və müəllimlər tərəfindən təqdim olunub

Paylaş:
3078

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər