Şizofrenikin portreti: həyat yoldaşı və qızlarına işgəncə verən Fuad Qəhrəmanlı haqda bir neçə söz...
“Mütəmadi olaraq həyat yoldaşını döyüb”; “6 yaşlı qızının dizini sındırıb”; “2013-cü ildə həyat yoldaşının barmaqlarını sındırıb”; “İki azyaşlı qızına işgəncələr verib”...
Bu, hər hansı bir manyakın cinayət işindən çıxarışlar deyil. Bu faktlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərlərindən biri, AXCP-nin sədr müavini və Əli Kərimlinin sağ əli, özünü hər zaman və hər yerdə “Azərbaycanda demokratik azadlıqların müdafiəçisinin” carçısı kimi göstərən Fuad Qəhrəmanlının bioqrafiyasındandır.
Lakin son hadisələrə nəzər saldıqda çətin ki, bu yoldaş “Azərbaycan demokratiyasının atası” kimi namizədliyini irəli sürə bilsin. Əksinə, onun haqqında aqressiyanın baş qaldırması və sistematik şəkildə ailə üzvlərinə – həyat yoldaşı və iki qızına qarşı şiddət, zorakılıq halları ilə müşayiət olunan – ciddi psixoloji problemləri olan birisi kimi danışmaq yerinə düşər.
Hər kəsə məlumdur ki, Azərbaycanda hər zaman qadına böyük hörmət göstərilib. Əsrlər boyu onlar – analarımız, bacılarımız, həyat yoldaşlarımız və qızlarımız Vətənimizin ictimai həyatında mühüm rol oynayıblar.
Azərbaycan qadınları ailə dəyərlərinə, ərləri və uşaqlarına qarşı məhəbbət hissi ruhunda tərbiyə edilib. Bu da öz növbəsində qarşılıqlı şəkildə ifadə olunub. Həmçinin əsl Azərbaycan kişisi də anasının südüylə qadına hörməti canına çəkib.
Məhz buna görə də, normal insan, normal Azərbaycan vətəndaşı üçün şiddətin, qadına qarşı zorakılığın hər hansı bir təzahürü – bunu onun anasına, bacısına, arvadına və qızına qarşı törədilməsi halına bərabərdir.
Təəssüflər olsun ki, bu cür faktların sayı son zamanlar kifayət qədər artıb.
Məhz buna görə də həyat yoldaşı və qızlarına qarşı şiddət tətbiq edən paranoik Fuad Qəhrəmanlının hadisəsi bir neçə həftədir ki, ictamiyyətdə geniş müzakirələrə səbəb olub.
Bir qədər əvvəli xatırlayaq – Hollandiyada yaşayan, uzun illər ailə zorakılığına məruz qalmış və qorxu içərisində yaşayan müxalifətçi siyasətçinin qızı Selcan sonda özündə güc taparaq atasının onlara illərlə işgəncələr verməsindən – onu təhqir etməsinidən, bacısı Sənayın dizini sındırmasınıdan və anası Zümrüd Yağmurun barmaqlarını qırmasından danışıb.
Qızı bu acı həqiqətləri yalnız ölkədən kənarda, zalım atasında uzaqlarda olduğu zaman söyləməyə cəsarət tapa bildi...
“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi, fikir bildirməyi özümə görəv bilirəm.
Onsuz da, əgər bu yazını özümü ələ alaraq yazsam, dəhşətli emosional, qəzəbli bir şey çıxacağını bilirəm, çünki içində böyüdüyüm kimi qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir.
Bir də onu bilirəm ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”. Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan.
Amma məncə Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqqlarından danışan, hətta qadın haqqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da, evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox” – deyə, Selcan sosial şəbəkədi səhifəsində yazıb.
Onun sözlərinə görə, anasının boşanmaqla bağlı bütün cəhdlərinin qarşısı Fuad Qəhrəmanlının müəyyən əlaqələri hesabına alınıb. Anası dəfələrlə F.Qəhrəmanlı və ümumi qohumları tərəfindən təhdidlərə, şantajlara və mənəvi təzyiqlərlə qarşılaşıb:
“Bütün bunlar sirr deyil əslində, qulaqdan dolma nə qədər adam bilir “ailəmizdə” olanları. Anama qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə, mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri direkt mövzunun içində olub, anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.
Hətta Əli Kərimli anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”.
Selcanın sözlərinə görə, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir:
“Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır – bunu başa düşdüm, kadr yoxdur – amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. “hamı deyir ki o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla”.
Onun sözlərinə görə, 2009-dan bəri bu cür tük ürpərdən bir durumun içindəyik:
“Hər gün, hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.
Amma bütün bunlardan əvvəl, açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm”.
Əlbəttə bu sətirləri qəzəbsiz oxumaq çətindir – 6 yaşlı qızının dizini sındırmaq (hadisə 2010-cu ildə baş verib), həyat yoldaşının barmaqlarını (hadisə 2013-cü ildə baş verib) qırmaq üçün necə alçaq birisi olmaq olar?!
Bu faktların indi üzə çıxması Fuad Qəhrəmanlının ailəsindəki qadınların uzun illər öz həyatları və sağlamlıqları üçün qorxu içində yaşadıqlarının bariz nümunəsidir.
Ola bilsin ki, bu, aysberqin görünən hissəsidir, gələcəkdə ev zülmkarının digər əməllərindən də xəbərdar olacağıq.
Fuad Qəhrəmanlının məsələsi cəmiyyətdə genişmiqyaslı narazılıqlara səbəb oldu – sosial şəbəkələrdə onun qızına dəstək məqsədilə başladılan kampaniya daha sonra qadınlara qarşı zorakılıq kampaniyasına qədər yüksəldi.
Məsələ burasındadır ki, F.Qəhrəmanlı – savadsız, pis tərbiyə görmüş, uşaqlıqdan özündən kiçikləri incidən və heyvanlara işgəncələr verən (artıq bu, şübhə doğurur) sıradan birisi deyil.
Fuad Qəhrəmanlı – uzun illər özünü azadlıq və insan haqlarının müdafiəçisi kimi göstərən birisidir. O, mitinq və partiya iclaslarında azadlıq, insan haqları, qadın hüquqları, başqalarına demokratiya dərsi keçən, evə gəldikdə isə “demokratik maskasını” çıxararaq sadistə çevrilərək azyaşlı qızları və həyat yoldaşını sakit yaşamaqdan məhrum edən ikiüzlüdür.
Selcanın – hələ də mahiyyətcə balaca qızcığazın indi hər kəsə bəyan edərək söylədikləri onun nə qədər qorxudulduğundan, ciddi psixoloji zərbələr aldığından xəbər verir.
Bütün bunlardan başqa, ailə zorakılığının konkret fiziki nəticələri də var. Belə ki, 2018-ci ildə 14 yaşlı Sənay Qəhrəmanlı (6 yaşında atası tərəfindən dizi qırıldıqdan 8 il sonra) yenidən həkimə müraciət edərək dizindəki ağrıladan şikayətlənir. Zədənin ciddiliyini nəzərə alaraq böyük ehtimalla bu ağrılar hələ onu uzun illər incidəcək...
Təəssüflər olsun ki, bu hadisənin yalnız keçmişi kədərli deyil.
Fuad Qəhrəmanlı növbəti addımları ilə nümayiş etdirdi ki, törətdiyi əməldən nəinki peşman deyil, hətta buna görə özünü həyat yoldaşı və qızlarının çəkdikləri əziyyətdə günahkar bilmir.
Ailə üzvlərindən ictimaiyyət qarşısında üzr istəmək, öz səhvlərini etiraf edərək peşman olmaq əvəzinə, o, cəfəng bəyənatlar verərək, guya qızının Facebook profilinin sındırıldığını bildirir.
Bir sözlə, özünü təqsirkar bilməmək üçün əlindən gələni edir.
Bu müxalifətçinin hazırki davranışı, yəni boşanma prosesini uzatması da bütün bunların bariz nümunəsidir. Ömrünün qalan hissəsini qəmsiz-kədərsiz yaşamaq istəyən, boşanma tələb edən arvadından ayrılmağa F.Qəhrəmanlıya nə mane ola bilər ki? Burada da F.Qəhrəmanlının öz fikri var.
Qeyd edək ki, məhkəmə (məhkəmə prosesində də iştirak etmədi) prosesi zamanı məlum oldu ki, Fuad Qəhrəmanlının müntəzəm olaraq həyat yoldaşı və qızlarına qarşı ailə zorakılığına məruz qoyduğuna görə onunla bir evdə yaşaya bilmirlər. Bildiyimiz kimi, normal, şərəfli kişilər ailədən gedərək evi həyat yoldaşı və uşaqlarına verir. “Qəhrəmanımız” isə əksinə, arvadını və kiçik qızı Sənayı evdən qovub, üstəlik vəkil vasitəsilə qızlarından imtina edib.
İndi F.Qəhrəmanlını ailəsinin harada yaşaması, uşaqlarını ac və ya tox olması maraqlandırmır. Çox acınacaqlı mənzərədir, deyilmi?
Rezonans doğuran bu hadisənin təfərrüatları ilə tanış olduqda ortaya belə bir sual çıxır – dostlardan biri bütün bu olanlardan xəbərdar deyildimi və bu insanı kimsə yola gətirə bilmirdimi?
Sən demə belə bir adam varmış. Həmin adam F.Qəhrəmanlının törətdiyi əməlllərdən xəbərdar olsa da, həyat yoldaşı Zümrüd Yağmura təzyiqlər göstərərək “evin sözü kənara çıxmaz” fikirlərini aşılayaraq “uşaqlarına görə dözməyi” məsləhət bilib.
Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən gedir. Zümrüd Yağmurun sözlərindən aydın olur ki, 2009-cu ildən (10 il ərzində) bəri Əli Kərimli F.Qəhrəmanlının arvadı və azyaşlı qızlarını döyməsindən xəbərdar olub.
Bu 10 il ərzində o, bir dəfə də olsun sədr müavininin əməllərinin qarşısını almayıb, onu uyğunsuz davranışına görə partiyadan çıxarmayıb.
Bu, necə mümkün ola bilər? Bəs demokratiya, qadın və kişilərin bərabərhüquqlu olması, insan haqları barədə gurultulu sözlər necə oldu?!
Görünür Fuad Qəhrəmanlının hadisəsi AXCP-də hökm sürən əxlaqsızlıq və yalançılığı əks etdirir. Bu partiyanın proqramının qadın hüquqları haqda fəslini yazan əsas müəllif kimi buna başqa cür aydınlıq gətirmək olmur.
Təssəvür edin, evdə oturaraq qadınlara hörmətdən yazır. Sonra ayağa qalxaraq həyat yoldaşını döyür. Sonra yenidən əyləşərək davam edir və yenidən ayağa qalxdıqda qızının dizini sındırır. Beləliklə, yenidən əyləşərək özünə çox uzaq məsələlərdən – qadına “hörmətdən” təkrar yazır...
Bu, kabus ssenarisindən başqa bir şey deyil...
Ədalət xatirinə qeyd edək ki, F.Qəhrəmanlı ilə bağlı şikayətlərinə görə həyat yoldaşı və qızı AXCP tərəfindən müəyyən reaksiya aldı – Əli Kərimlinin trolları Zümrüd Yağmuru və Selcanı sosial şəbəkələrdə əxlaqsız davranışda ittihamlandırdılar.
Bu, qədim üsul nə siyasi partiyaya, nə də onun nümayəndələrinə üzüağlıq gətirmir. Üzvlük biletlərinin satışı ilə məşhur olan, qondarma siyasi mühacir damğası sistemi ilə gəlir əldə edən (“mitinq – polisə qarşı təxribat – saxlanılarkən hay-küy yaratmaq – “maxalifətçilərin” xilası ilə bağlı xarici səfirliklərin qapısına gözü yaşlı üz tutmaq” sxemi üzrə) bir partiya haqda şərəfdən bəhs etmək mümkündür?
Hətta bu cür çürük strukturun sədr müavininin arvadı və qızlarını döyməsi açıq şəkildə inkar etməsi – cəmiyyətin gözündən düşməsinə gətirib çıxardı.
Əlbəttə ki, ev zülmkarı və zalımı kimi ad çıxaran Fuad Qəhrəmanlı bu ləkədən qurtulmağa çalışır. Xüsusilə də bu, yaxın günlərdə Bakının mərkəzində keçirilmiş icacəsiz mitinq zamanı Fuad Qəhrəmanlını özünü hər vəchlə müxalifətçilərin başçısı kimi göstərmək cəhdi baş tutmadı. “Qəhrəmanımızın” nə başından dəyənək zərbəsi almaq istəyi, nə də həbs olunmaq cəhdi baş tutmadı. Belə ki, dəyənəklə heç kəs döyülmədi, polislər onu həbs edərək də sevindirmədi.
İnanmaq istəyirik ki, “demokrat” maskası altında gizlənən təhlükəli şizofreni ayırd etmək cəmiyyətin diqqətindən yayınmayacaq. Bu cür subyektlərin potensial təhlükəsini anlamaq lazımdır. Belə ki, onlar israrlı şəkildə hakimiyyətə can atırlar.
Sonda iki məqamə diqqət yetimənizi istərdik. Birincisi, biz bir cəmiyyət olaraq Azərbaycanda qadın hüquqlarının müdafiəsinə tam olaraq hazır deyilik. Özünüz mühakimə edin – Fuad Qəhrəmanlının həyat yoldaşı və qızlarına qarşı şiddət göstərməsini bütün partiya üzvləri bildiyi halda, heç kəs mitinqdə onun üzünə tüpürərək şillə vurmağa cəsarəti çatmayıb.
“Şər-xətası məndən uzaq” – yaxşı prinsipdir? Burada Çexiya yazıçısı və jurnalisti Yulius Fuçikin sözləri yada düşür: “Biganələrdən qorxun! Dünyada bütün pisliklər onların susaraq razılığı ilə edilir!”
Həqiqtən də cəmiyyətimiz bu cür faktlara qarşı gücsüzdür. Əminik ki, bu hadisədə Azərbaycanın hüquq-mühafizə orqanları operativ şəkildə Fuad Qəhrəmanlının cinayətkar əməllərinə lazımi hüquqi qiymət verərək, onun psixi vəziyyətini yoxlayacaq.
İlkin reaksiya artıq var – yaxın günlərdə Azərbaycanın baş prokuroru Zakir Qaralov bəyan edib ki, uşaq və qadın hüquqlar məsələləri ilə məşğul olan bir sıra qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri Fuad Qəhrəmanlının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciət ediblər, Baş Prokurorluq bu müracətlərə baxır.
İkincisi: biz AXCP-nin sabiq sədr müavininin həyat yoldaşı və qızlarını onun təhdid və təzyiqlərindən qorumalıyıq. Onlara hazırda psixoloji dəstək də lazımdır. Çünki onlar özlərini atılmış və yalnız hiss etməsinlər (xüsusilə Hollandiyaya getmiş Selcanı qoruyaq, axı AXCP-nin bir çox tərəfdarları oradadır və onu təhdid edə bilərlər).
Ümumilikdə bu məsələyə geniş yanaşmaq lazımdır – hər hansı bir ailədə baş verən zorakılıq halı bütün Azərbaycanda məişət zorakılığıyla mübarizə məsələsini aktuallaşdırdı.
Əldə etdiyimiz məlumatlara əsasən, hökumət artıq fəaliyyətə başlayıb – belə ki, hökumət qadınlara qarşı şiddət və məişət zorakılığının qarşısını alma və mübarizə haqqında Avropa Şurasının İstanbul Konvensiyasına qoşulma prosesini yaxın gələcəkdə başa çatdırmaq niyyətindədir. Müvafiq sənəd artıq Nazirlər Kabinetində baxılma mərhələsindədir.
Məqələni sonlandıraraq qeyd etmək istərdik ki, ev sadisti Fuad Qəhrəmanlının “hekayəsi” cəmiyyəti bütövlükdə bu cür insanlara nifrət etməyə, onları kənarlaşdırmağa və qadınlarımızı qorumağa kömək edəcək güclü təkan ola bilər və olmalıdır.
Qeyd edək ki, məqalə hazırlanan zaman Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib. F.Qəhrəmanlıya qarşı qaldırılan ittihamlar sübuta yetirilərsə onu 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
1news.az