“Məqsədim 100 min soydaşımızı işlə təmin etməkdir” - Elvin Dadaşsoy | 1news.az | Xəbərlər
Müsahibə

“Məqsədim 100 min soydaşımızı işlə təmin etməkdir” - Elvin Dadaşsoy

14:41 - 28 / 10 / 2019
“Məqsədim 100 min soydaşımızı işlə təmin etməkdir” - Elvin Dadaşsoy

Abituriyentlərdə nəyinsə dəyişib dəyişmədiyinə aid olaraq bunu deyə bilərəm ki, məncə biz əzbərçi nəsil yetişdiririk. Fikrimcə, bu, yaxşı bir şey deyil. Axtarış portallarından materialı toplayıb əzbərləyərək 700 bal yığmağı heç də məntiqi saymıram. Təhsildə əzəbərçilik davam edirsə, düşünmürəm ki, nə isə dəyişib. 

1news.az xəbər verir ki, bunu “Qonaq otağı” rubrikası çərçivəsində “168 saat” qəzetinə müsahibəsində ali məktəblərə qəbul imtahanlarında ilk dəfə 700 bal toplayaraq diqqət mərkəzinə düşmüş, daha sonra isə uğurlu biznes layihələri ilə tanınan sumqayıtlı Elvin Dadaşsoy deyib. Həmin müsahibəni təqdim edirik:

-Uşaqlıq illərinizi, məktəbə qədər çağlarınızı necə xatırlayırsınız ? 

-Həmin illərim kənddə keçib, əslən qubalıyam. Bizim kəndlə şəhər arasında demək olar ki, yol yox idi. Babamla bütün günü kitabxanada olardıq, babam mənə həmişə maraqlı kitablar oxuyardı, biz onunla tez-tez "Araz" radiosuna qulaq asardıq.  3  yaşımdan başlayaraq kitab oxuyurdum. Oxuya marağım çox böyük idi.  Yadımdadır ki, 7-8 yaşım olanda çox vaxt günümə bir kitab oxuyub bitirirdim.  3-4-cü sinifdə oxuyanda kənd təsərrüfatı ilə sərbəst olaraq məşğul olurdum. Kartof əkib-yığırdım, ot biçirdim, qoyun sürüsünü otlağa aparıb gətirirdim. Ancaq heç vaxt kitabı, oxunu unutmurdum. İşləməyə gedəndə həmişə çantamda kitab olurdu. Rəsmə marağım var idi, rəsm çox çəkirdim.

- Hansı mövzularda çəkirdiniz? 

- Bir çox janrlarda rəsmlər çəkirdim. Natura, portret, natürmort və s. Ümumiyyətlə uşaq vaxtı ən böyük diləyim rəssam olmaq idi. 

-Rəsmlə peşəkar şəkildə məşğul olmağa nə əngəl oldu? Bu gün rəsmlər çəkirsinizmi?

-Mən kasıb ailədən çıxmışam. Düşündüm ki, bizim varlanmağımız rəsmlə, rəssamlıqla mümkün olmayacaq. Ona görə də biznes sahəsini seçdim. Düşünürəm ki, bizneslərimi daha da inkişaf etdirəndən,  maliyyə azadlığına çıxandan sonra yenə də rəsmə başlaya bilərəm. Ancaq onu da deyim ki, günümüzdə təsadüfi hallarda olsa belə, əlimdə fırça görə bilərsiniz. 

-Dərslərə necə yanaşırdınız? 

-Mən həmişə yaxşı oxuyan şagird olmuşam. Ümumiyyətlə, həmişə sinifdə savadıma, çalışqanlığıma görə seçilmişəm. Ancaq bunu deyim ki, orta məktəbi yaxşı oxusam da, universiteti heç də güclü oxumamışam. Həmin çağlarda ən çox fərdi inkişaf və biznes haqqında kitablara  önəm verirdim, təlimlərdə tez-tez iştirak edirdim. Qeyd edim ki,  ixtisasım "Dövlət idarəetməsi"dir. 

-Belə çıxır ki, ixtisasınızı zəif bilirsiniz...

-Ümumiyyətlə, belə hesab edirəm ki, biznes idarəetməsini  yaxşı bilənlər dövlət idarəetməsində də hazırlıqlıdırlar. Örnək üçün baxsaq, bir çox əcnəbi ölkədə nazirləri və dövlət idarəetməsində vəzifə verilən şəxsləri iş adamlarından, şirkət sahiblərindən seçirlər. Çünki onların dövlət idarəetməsində də uğurlu olacağına inanırlar. Dediklərimizin əksi də ola bilər. Belə ki, dövlət idarəetməsində uğurlu olan biri biznesdə də həmin uğuru təkrarlaya bilər. Çünki struktur olaraq idarəetmənin başlıca qaydalarını bildinsə, sən bu sahədə uğurlu sima olacaqsan. 

-Təhsil sizin üçün nədir? 

- Qavramanın çeşidli yolları var: qulaq asmaq, baxmaq, oxumaq. Biz bəzən təhsili sadəcə kitab oxumaq kimi anlayırıq. Təhsil kitabı dinləməklə və ya təlimlərə qatılmaqla ola bilər. Təhsil bitməyən bir prosesdir. Təəssüflər olsun ki, çoxumuz maksimum universiteti bitirdikdən sonra onu atırıq. Fərdi inkişaf ömür boyu getməlidir. 5-10 ildən də bir təlimlər alınmalıdır. Örnək üçün bu 6 aylıq ixtisas artırma və magistr təhsili ola bilər. Dünya və elm çox sürətlə irəliləyir. Bunlardan geri qalmamaq üçün biz hər zaman özümümzü inkişaf etdirmək yönündə düşünməliyik. 

-Vaxtınızı necə bölürsünüz ki, bütün işlərə çatır?

-Mən əslində vaxtımı heç də ustalıqla bölmürəm. Hərdən elə düşünürəm ki, paralel dünyada da zaman olsaydı, 3-5 saat da oradan alardım. Çünki vaxt doğrudan da çatmır. Hər şey planlamadan başlayır. İlk öncə ilin planlamasını tutmaq gərəkdir. Sonra ayların, həftələrin və günlərin. Axşam sabahkı gün hansı işi görəcəyimizi planlamalıyıq. Bir deyimdə söyləyir ki, sən əgər işlərini planlamırsansa, çox yaxşı uğursuzluğu planlayırsan.

-Sumqayıtda ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanında siz 700 bal toplamısınız. Bu nəticəni göstərəcəyinizə inanırdınızmı? 

-Düzünü desəm, xeyr. Ən çox 680 bal toplayacağımı düşünürdüm.  Mən sizə bir sirr açım. Hətta mən o vaxt imtahanda 4-5 sualı bilmirdim və onlara bəxtimi sınamaq üçün variant atmışdım. Elə oldu ki, bəxtimdən həmin variantlar düz cavab çıxdı. Elə insanlar olur ki, onlar həyatda nəyisə çəkir, uğuru, xoşbəxtliyi, bəxti - fikrimcə, mən də o insanlardanam və onun sayəsində həmin nəticəni qazandım. 

-Sizin dövrünüzdəki təhsil səviyyəsi ilə indiki və ya sizin dövrün abituriyentləri ilə indikilər arasında hansı fərqlər var? Və bir də təhsildə hansı dəyişiklikləri hiss edirsiniz...

-Fərqlərdən biri budur ki, tamam fərqli "digital" bir nəsil yetişir. Bunun yaxşı və ya pis olduğunu bu an üçün deyə bilmərik. Abituriyentlərdə nəyinsə dəyişib dəyişmədiyinə aid olaraq bunu deyə bilərəm ki, məncə biz əzbərçi nəsil yetişdiririk. Fikrimcə, bu, yaxşı bir şey deyil. Axtarış portallarından materialı toplayıb əzbərləyərək 700 bal yığmağı heç də məntiqi saymıram. Təhsildə əzəbərçilik davam edirsə, düşünmürəm ki, nə isə dəyişib. 

- Uğurlu insan olmağın əsas sirləri nələrdir ? 

- Mən özümü heç də uğurlu insan saymıram. Bəzən elə yanlışlara yol verirəm ki, bunu camaat bilsə, mənə gülər. Ancaq mən özlüyümdə düşünürəm ki, uğurlu biri olmaq üçün insanda 4 cəhət olmalıdır: özünəinam, iradə, daim öz üzərində çalışmaq və əhatə. Və fikrimcə, uğurlu biri olmaq üçün sadaladığım cəhətlərin hamısı məndə toplanıb. 

- O düzdür ki, hər uğurlu kişinin arxasında bir xanım dayanır ?

- Bu, bir az qəliz məsələdir. Və zaman-zaman dəyişə bilir. Təbii ki, olayların gedişindən asılı olaraq buna cavab da dəyişə bilir. Münasibətlər yaxşı olanda "hə" deyirsən, əksinə isə "yox".  Ancaq hər halda ən azından hər uğurlu kişinin arxasında ana dayanır. Bu bəzən həyat yoldaşı da olmaya bilər, ancaq mütləq bir ana dayanır. 

- Bir çox uğurlu işləriniz var. "Panda School" onlardan ən tanınmışıdır. Bəs nə vaxtsa layihələrinizi əcnəbi ölkədə qurmağı və ya orada davam etməyi düşünmüsünüzmü? 

- Bu gün ona hazır deyiləm. Ancaq 30 yaşımdan sonra layihələrimə başqa ölkədə də davam etməyi, işlərimi daha da böyütməyi düşünürəm. Bu gün ağlımda konkret bir ölkə yoxdur. Ancaq məncə, istənilən bir ölkədə öz düşüncələrimi, xəyallarımı gerçəkləşdirə bilərəm. 

- Ümumiyyətlə, "Panda School"u yaratmaq ideyası sizdə necə yarandı ? 

- Bizdə əvvəllər dil kursu, mühasibat və riyaziyyat kursu idi. "Panda School"un strukturunu, quruluşunu, adını, burada nələrin toplanacağını həmin vaxtlar birgə çalışdığımız şəxs var idi, onunla birgə işləmişdik. Daha sonra yavaş-yavaş böyüdük, filiallarımız artdı. Bu gün "Panda School"un 14 filialı var.

- Sizcə risk etmək lazımdır? Özünüz risk etmisinizmi? Risk etmisinizsə bu sizə nə verib və nə alıb? 

- Bu, insanın xarakterindən asılıdır. Mən əvvəllər düşünürdüm ki, hər insan həyatda risk etməlidir. Ancaq indi anlayıram ki, heç də hamı bunun üçün doğulmur və bunun üçün formalaşmayıb. Bəziləri daha çox rahatlığa düşkündürlər. Heç də hamı risk üçün yaranmır. Risk etmək yaxşı nəticə verə də bilər və ya əksinə. Bu insanın həmin qərarı doğru və ya yanlış zamanda verməyindən və onun beyninin gücündən asılıdır. Mən evimi satıb kirayə çıxmışam və həmin pulu biznesə yatırmışam. Ancaq biznesə atıldığım ilk 5-6 ay içində qoyduğum pulun yarısını itirmişəm. Bundan da böyük risklərim olub və bu gün də risk etməyə davam edirəm. 

-Nəzərdə tutduğunuz daha hansı layihələriniz var? 

-İlk növbədə "Öz biznesini başlat" seminar marafonudur, ikinci "Dadaşsoy biznes klub"u başladırıq, orada MBA, mühəndisliklə bağlı təlimlər olacaq. Biz 1000 nəfər gəncə Dadaşsoy İnkişaf Proqramı təqdim edəcəyik. Orada seçilmiş 50 kitab, 50 təlim olacaq. Başlıca məqsədimiz insanlara özgüvən aşılamaqdır. Bu layihənin topluma çox böyük fayda verəcəyinə inanıram. 

-Ən böyük xəyalınız nədir ? 

-Beynimdə belə bir istək, dilək var ki, bir gün elə bir iş qurmaq, işlərimi o dərəcədə böyütmək istəyirəm ki, 100 min soydaşımızı işlə təmin edim. Ömrüm boyunca buna çalışacam.

1news.az

Paylaş:
1773

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər