Azərbaycanın Brüsseldəki Səfirliyində muğam konserti keçirilib – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 17 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə muğam konserti keçirilib.
Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Əliyevin rəhbərlik etdiyi “Şur” instrumental ansamblının verdiyi konsertdə Brüssel şəhərindəki diplomatik korpusun, Belçika ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov Azərbaycanın muğam sənəti haqqında tədbir iştirakçılarına məlumat verib. Azərbaycan muğamının 2008-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini qeyd edən Q.Məmmədov, bu qədim ümumbəşəri mədəniyyət nümunəsinin qorunub saxlanılması, beynəlxalq ictimaiyyətə çatdırılması və gənc nəsil arasında populyarlaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.
Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü İlkin Hüseynov da çıxış edərək, konsertdə iştirak edən qonaqlara Azərbaycan musiqisinin zənginliyindən söhbət açıb.
Daha sonra müğənni Zakir Əliyev və onun gənc tələbəsi Mənzurə Əbdürrəhmanova “Şur” intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Onların ifaları tamaşaçılar tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.
S.Xankişiyeva