Başqasının cinayətinə görə 30 il həbsdə yatdı
ABŞ-da başqasının cinayətinə görə 30 il həbsxanada yatmış təqsirsiz şəxsə bəraət verilib.
1news.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, yanvarın 13-də məhkəmə 1991-ci ildə verilən hökmü ləğv edib və 62 yaşlı məhkum Serri Toması azadlığa buraxıb.
1987-ci ildə Miçiqan ştatının Detroit şəhər sakini ərzaq dükanı yaxınlığında öz maşınında hücuma məruz qaldığı barədə polisə şikayət edib. İki il sonra zərərçəkən şəxs Toması görüb və hüquq-mühafizəçilərə həmin hücumçunun o olduğunu bildirib.
Polisin kifayət qədər maddi sübutları və şahid ifadələri olmasa da, hücum və qətl cəhdinə görə Tomas 50 il həbs cəzasına məhkum edilib.
Qeyri-qanuni məhkum edilmiş şəxslərin hüququnun müdafiəsi ilə məşğul olan "The Innocence Project" qeyri-kommersiya təşkilatının nümayəndələri 2010-cu ildə bu işi araşdırmağa başlayıblar.
Hüquq müdafiəçiləri digər sübutlarla yanaşı, müəyyən ediblər ki, zərərçəkən yığcam "Ford Escort" markalı avtomobili idarə edib. 1987-ci ildə cinayət törədildiyi zaman Tomas 190 santimetr boyunda, 115 kiloqram çəkidə olub. Nəticə etibarilə, o, maşına asanlıqla girib cinayət törədə bilməzdi.
Zərərçəkən artıq vəfat etdiyindən işə yenidən baxmaq və əsl cinayətkarı tapmaq mümkün deyil.
Tomas evinə, ailəsinə qayıda biləcəyi üçün çox sevinib və hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.
Hüquq müdafiəçilərin sözlərinə görə, polis hərtərəfli araşdırma aparsaydı, Tomas heç vaxt həbs olunmazdı.
1news.az