Azərbaycanda daha üç nəfərdə koronavirus aşkarlandı

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan 1news.az-a verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.
Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, operativ qərargah bundan əvvəl Azərbaycanda 3 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb.
İlk vəziyyət fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
S.Xankişiyeva