Mikayıl Cabbarov: Azərbaycan Hökuməti iqtisadi vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malikdir - VİDEO
Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsulları tələbatının ödənilməsi ilə bağlı heç bir problem yoxdur.
Bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir deyib ki, hazırda ticarət şəbəkələrində, mağazalarda və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur. Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar var. Mal və məhsulların kifayət qədər ehtiyatı mövcuddur. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq.
Mikayıl Cabbarov iqtisadi təhlükəsizlik məsələlərinin Azərbaycan Hökumətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər yük daşımalarına şamil edilmir.
Nazir hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. O qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.
Son günlər istehlak bazarında tibbi vasitələrə, tibbi spirt və maskalara tələbatın artmasına gəlincə, Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir problemin olmadığını, yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.
1news.az