Azərbaycanda karantində olan UAFA-nın rəhbəri yaradılan şəraitdən danışdı

"Bu sınaq mərhələsində vətəndaşlarını və əcnəbilərini qoruyan Azərbaycan rəsmilərinin qarşısında baş əyirəm".
1news.az xəbər verir ki, bunu Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Gwen Burchell öz “Facebook” hesabında qeyd edib. Onun statusunu təqdim edirik:
“1 – 3 gün müxtəlif aviaşirkətlərlə səyahət edib hava limanlarında gözlədikdən sonra, çərşənbə günü səhər AZAL-ilə Bakıya uçdum. AZAL ekipajı qoruyucu kostyumlarda olan yeganə heyət idi – kişilər üçün ağ, qadınlar üçün narıncı rəngli qoruyucu kostyumda. İşçilərini qoruyurdular, mən bunu başqa yerdə görmədim. Digər heyətlər normal formada idilər, bir çoxları belə maska taxmırdılar.
2 - 14 gündür ki, Bakıda, Atletlər kəndində karantindəyəm. Burada qaldığım son iki axşam müxtəlif qışqırıq və gurultu səsləri eşidirdim. Bütün bunların hamısı bu qədər çətin vəziyyətdə insanlara əlindən gələnin ən yaxşısını etməyə çalışan möhtəşəm heyəti təbrik etmək üçün idi.
Yeməklər gündə 3 dəfə xüsusi qablaşdırmalarda təqdim olunur. Otaqlar və sanitar qovşaqlar ayrı-ayrılıqda dezinfeksiya olunaraq istifadəyə verilib. Bütün heyət bədənlərini təpədən dırnağa örtən xüsusi geyimlərlə təchiz olunub. Davamlı olaraq tempuraturumuz yoxlanılır. Üstəlik, heyət bu prosesi hər zaman gülümsəyərək və nikbinliyini qoruyaraq həyata keçirir.
Dünyanın hər yerində tibbi heyət “Covid-19” virusunun yayılmasının qarşısını almaq məqsədilə əllərindən gələni edir. Azərbaycanda da bu sahədə görülən işlərdə heç bir məhdudiyyət tətbiq olunmayıb. Dövlət işçiləri ilə fəxr etməlidir. Onlar bütün çabalarını sərf edərək möhtəşəm işlər görürlər.
Bu çətin zamanlar keçəcək və həyatımız əvvəlki tək normala qayıdacaq. Amma heç zaman həyatımda yaşadığım bu cür müsbət təcrübəni unutmayacağam. Sabahdan işçilər üçün səsləndirilən alqış və gurultu sədalarına qoşulmağı düşünürəm”.
Qafar Ağayev