Rayonlara giriş-çıxış məhdudlaşdırılır – FOTO
Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı tədbirlər davam etdirilir.
1news.az-ın məlumatına görə, artıq rayonlarda da virusun yayılmasının qarşısının alınması məqsədilə daha ciddi tədbirlərin görülməsinə başlanıb, bəzi rayonlara giriş-çıxış məhdudlaşdırılır.
Strateji mövqeyi ilə seçilən, Gürüstan və Ermənistanla sərhəddə yerləşən Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirir. Mart ayının 27-si səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.
Bundan başqa RPŞ-nin əməkdaşları rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.
Xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar Şəki rayonuna da giriş-çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul xidmətlərinin əməkdaşları tərəfindən rayonun girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, həmçinin yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri, eyni zamanda, piyadalar yoxlanılır. Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.
Bununla yanaşı, Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
Qeyd edək ki, tədricən digər rayonlara da giriş-çıxışın məhdudlaşdırılacağı gözlənilir.
1news.az