Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək

17:40 - 31 / 03 / 2020
Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək

Hazırda dünya iqtisadiyyatı "donub", tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.

Bu barədə məlumat verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, McKenzie-nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq:

"Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin "Qara qu quşu" nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya 21-ci əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan höküməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır. Cənab Prezident İlham Əliyev "Biz birlikdə güclüyük!" mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada "Azadlıq, bərabərlik, qardaşlıq", ABŞ-da "Biz Allaha inanırıq", Meksikada "Öncə vətəndir", Pakistanda "İman, birlik, qanun" və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunmuşdur.

Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir. Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 milyard Gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul etmişdir. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul etmişdir ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlamışdır. Qırğızıstanın ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul etmişdir. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul etmişdir. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır.

Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir.

Eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib.

Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə - ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcəkdir.

Dövlətin dəstək proqramları çərçivəsində komunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək.

Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.

Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır".

1news.az

Paylaş:
1292

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər