Cəlal Qasımov: Bütün bu geniş proqramların səbəbi səhmdarlarımızın PAŞA şirkətlər qrupunu necə görmək istədikləri ilə bağlıdır | 1news.az | Xəbərlər
Müsahibə

Cəlal Qasımov: Bütün bu geniş proqramların səbəbi səhmdarlarımızın PAŞA şirkətlər qrupunu necə görmək istədikləri ilə bağlıdır

19:25 - 29 / 04 / 2020
Cəlal Qasımov: Bütün bu geniş proqramların səbəbi səhmdarlarımızın PAŞA şirkətlər qrupunu necə görmək istədikləri ilə bağlıdır

PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov PAŞA şirkətlər qrupu tərəfindən koronavirus pandemiyası dönəmində görülən tədbirlər barədə müsahibə verib.

- Salam, Cəlal müəllim. Həm ölkəmizdə, həm də bütün dünyada istənilən biznes üçün gərgin olan bir zamanda dəvətimizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Bilirik ki, belə bir vaxtda şirkətlərin bütün səyləri biznes məsələlərini həll etməyə və hazırkı durumda koronavirusun yaratdığı böhran vəziyyətinə qarşı mübarizəyə yönəlir. Eyni zamanda, böyük şirkətlərin məhz çətin dövrlərdə cəmiyyət üçün daha da mühüm əhəmiyyət kəsb edən sosial məsuliyyətlərini unudub-unutmadıqlarını bilmək həmişə maraq kəsb edir. Bu səbəbdən, ilk öncə şirkətinizin sosial məsuliyyət siyasəti haqqında ümumi təsəvvür əldə etmək və sonra söhbətimizi davam etdirmək istərdim.

- Salam. Mən də öz növbəmdə dəvətinizə görə Sizə təşəkkür edirəm. PAŞA şirkətlər qrupunun Korporativ Sosial Məsuliyyətlə bağlı ümumi mövqeyindən danışırıqsa, ilk növbədə qeyd etmək istəyirəm ki, ölkədə və regionda ən böyük şirkətlər qruplarından biri olduğumuz üçün fəaliyyət göstərdiyimiz ölkələr və xüsusilə də bu ölkələrin ictimaiyyəti qarşısında məsuliyyətimizi tam dərk edirik. Korporativ Sosial Məsuliyyətimizi biznes mühitinə, cəmiyyətə və fəaliyyətimizə birbaşa müsbət təsir edən bir mexanizm kimi görürük. Bu cür yanaşma bizə sosial məsuliyyəti şirkətin əsas işi ilə yanaşı atılan əlavə addımlar kimi qəbul etməyə deyil, bu məsuliyyəti əsas biznesimizin tərkib hissəsi hesab etməyə imkan verir. Qeyd etmək istərdim ki, PAŞA şirkətlər qrupu yarandığı gündən bir sıra məsələlərdə əhalinin müxtəlif təbəqələrinə yardım göstərir, lakin 2015-ci ildən etibarən təsdiq edilmiş konsepsiyaya uyğun olaraq sosial layihələrə daha sistemli maliyyə dəstəyi verir.

- Çox yaxşı. Giriş məlumatı üçün təşəkkür edirəm. İndi isə bugünkü görüşümüzün əsas mövzusuna nəzər salaq. Bilirik ki, PAŞA şirkətlər qrupu ölkə rəhbərliyinin hazırkı dövrdə vətəndaşlara dəstək çağırışına ilk cavab verənlərdən biri olub. Bir qədər bu barədə məlumat verə bilərsiniz?

- Bəli, Siz haqlı olaraq, Qrupumuzun koronavirusla mübarizədə əhaliyə dəstək vermək təşəbbüsləri irəli sürən birincilərdən olduğunu söylədiniz. Böhran vəziyyətində başlıca hədəfimiz, ölkə Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna birbaşa pul yardımı etmək və xəstəxanalar, binalar, avadanlıqlar kimi kapital resurslar təmin etmək, daha sonra isə əməliyyat səviyyəsində dəstəyin göstərilməsinə keçid almaqdan ibarət idi. Beləliklə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yarandığı ilk günlərdə PAŞA Holding və onun törəmə şirkətləri bu fonda 3,2 milyon manat vəsait köçürdülər. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qrupumuzun şirkətləri koronavirusun diaqnostikasına yönəldilmiş 6 tam avtomatlaşdırılmış, sürətli və yüksək dəqiqlikli laboratoriyanın açılışını maliyyələşdirib. Əlavə olaraq, sözügedən şirkətlər 170 süni ağciyər havalandırma cihazı və 10 yüksək dəyərli dializ aparatlarının alınmasını təmin edib. Həmçinin, ən güclü qoruyucu tibbi maskalar və qoruyucu tibbi geyimlər müvafiq olaraq tibb işçilərinə təqdim olunub. Ümumilikdə bu fəaliyyətlərə şirkətlər qrupumuz tərəfindən 23 milyon manata yaxın pul xərclənilib. Ölkədəki epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə kifayət qədər xəstəxana çarpayısına malik olmaq üçün hər biri 200 çarpayılıq olmaqla iki modul xəstəxananın quraşdırılmasını da maliyyələşdirdik. Bu xəstəxanalar ən yaxın zamanlarda hazır olacaq. Onların tikintisinə təxminən 5 milyon manat pul xərclədik. Bundan əlavə, şirkətlər qrupuna məxsus otel və obyektləri xəstələr və karantinə ehtiyacı olan vətəndaşlarla işləyən həkimlərin ayrıca yerləşdirilməsi üçün təmənnasız olaraq ayırdıq. Bu məqsədlə otaq sayına görə Bakı şəhərindəki ən böyük otel (Boulevard Hotel) və Naftalan şəhərindəki otel həkimlərin və tibb işçilərinin qalması üçün təqdim edildi. Karantinə yerləşdirilən insanlar üçün əlavə olaraq Siyəzəndə (Qalaalti Hotel & SPA), Lənkəranda (Lankaran Springs and Wellness Resort) və Şamaxıda (Shamakhi Palace Sharadil) otellər ayırdıq. Həmin obyektlərin hamısında karantində saxlanılan insanları gündə üç dəfə yemək və bütün zəruri gündəlik istehlak məhsulları ilə təmin edirik. Bundan əlavə, Bravo marketlər şəbəkəsinə aid olan mağazalar da həm müştərilərin, həm də şirkət işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri gördülər ki, bu da virusun geniş yayılmasının qarşısını almaq üçün çox vacib idi. Bununla əsaslı dəstəyin ilk mərhələsi başa çatdırıldı. Qeyd etmək istərdim ki, xaricdəki şirkətlərimiz də müvafiq olaraq Türkiyə və Gürcüstan hökumətlərinə dəstək vermək üçün bütün səylərini səfərbər ediblər. Məsələn, PAŞA Bank Türkiyə yerli türk şirkətləri ilə əməkdaşlıq etməklə Türkiyədəki tibb işçiləri üçün qoruyucu maskaların istehsalını maliyyələşdirib, PAŞA Bank Gürcüstan isə Marneuli sakinlərinin müdafiəsi məqsədilə vəsait ayırıb.

- Cəlal müəllim, bütün bu fəaliyyətlərə görə çox sağ olun. Bir Azərbaycan vətəndaşı olaraq, mən öz adımdan Sizə təşəkkürümü bildirmək istərdim. Beləliklə, söylədiklərinizdən anladım ki, həyata keçirdiyiniz tədbirlərin heç biri birdəfəlik tədbir kimi nəzərdə tutulmamışdır, əksinə böyük bir strategiyanın tərkib hissəsi idi. Zəhmət olmasa, növbəti addımlar barədə bizə məlumat verərdiniz.

- Bəli, haqlısınız. Biz ümumilikdə hansı aspektlər üzərində işləməli olduğumuzu bilirdik. Sözü gedən strategiya çərçivəsində biz əhalinin həssas qruplarına, həmin həssas qruplara dəstək verməklə məşğul olan hökumət və qeyri-hökumət təşkilatlarına kömək etməyi planlaşdırırdıq. Strategiyamızın mahiyyəti bu pandemiyanın mənfi iqtisadi nəticələrini minimuma endirmək, eyni zamanda ölkələrimizin sakinlərinin mənəvi əhval-ruhiyyəsini qoruyub-saxlamaqdan ibarət idi. Biz Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin icra etdiyi “Biz Birlikdə Güclüyük” layihəsinə birbaşa ianə köçürməklə ölkənin aztəminatlı əhalisinə dəstək verdik. Ümumilikdə biz bu layihəyə 7 milyon manat yardım etdik və həmin vəsait 200 min aztəminatlı ailəni ərzaq məhsulları ilə təmin etməyə sərf ediləcəkdir. Eyni zamanda, Bravo marketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq etməklə tənha yaşlı insanlara 25000-dən çox ərzaq məhsulu qutuları ilə yardım etmiş və etməkdədirlər. Bravo marketlər şəbəkəsi ölkənin bir neçə yerli icra hakimiyyətlərinin köməyi ilə əlavə 3500 ailəni də ərzaqla təmin edib. Bu iki layihə üçün marketlər şəbəkəsinin xərclədiyi vəsait 1,5 milyon manatı keçib. Kapital Bank təqaüd kartlarının müddətini uzadıb və hətta həmin kartların yaşlı insanlara çatdırılmasını təmin edib. Bank “Evdə qal” televiziya proqramı çərçivəsində yaşlı insanlara hədiyyə bağlamaları da təqdim edib. Həssas əhali qruplarının digər bir kateqoriyası uşaqlardır. Bravo marketlər şəbəkəsi bir sıra uşaq evlərinə və sığınacaqlara dəstək verərək onları ən zəruri məhsullarla təmin edib. Eynilə, PAŞA Bank Türkiyə az gəlirli vətəndaşlar üçün Türkiyə Respublikasında start verilmiş yardım kampaniyasına da ianə edib.

Qeyd etdiyim kimi, ilk vəzifələrimizdən biri pandemiyanın mənfi iqtisadi təsirini minimuma endirmək idi. Biz Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fermerlərə güzəştli mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 5 milyon manat ianə etdik. Fondla bağladığımız razılaşmaya əsasən, bu kreditlər qrupumuzun tərkibinə daxil olan banklar istisna olmaqla, Fondla əməkdaşlıq edən bütün kredit təşkilatları vasitəsilə veriləcək. Beləliklə, biz həm koronavirus pandemiyası kontekstində, həm də sonrakı dövrdə kənd təsərrüfatı istehsalçılarına dəstək nümayiş etdirmək istədik. Bu, həmçinin qrupumuz tərəfindən banklara kiçik, lakin özünəməxsus dəstək idi. Öz növbəsində, PAŞA Bank Azərbaycan və Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Respublikası Banklar Assosiasiyasının sosial layihəsi çərçivəsində Bakıda və ölkənin bölgələrində həssas qrupların özünüməşğulluğuna dəstək veriblər. Ölkədə yaşayan məhdud imkanlı şəxslərə onların fəaliyyət sahələrinə uyğun olaraq öz bizneslərini qurmaq və idarə etmək üçün ümumi dəyəri təxminən 140 min manat təşkil edən alət və avadanlıqlar banklarımız tərəfindən satın alınaraq çatdırılıb. Eyni zamanda, PAŞA Bank Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə keçirilən, əsas mövzusu koronavirusun iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrə təsirinin azaldılması, dünya bazarında yeni rəqəmsal həllərin yaranması, habelə rəqəmsal keçidin sürətinin artırılması olan virtual hakatona dəstək göstərib.

- Bütün bunlar sevindiricidir. Qeyd etdiniz ki, insanların psixoloji əhval-ruhiyyəsini qorumaq da sizin hədəflərinizdən biri olub. Bunu daha ətraflı izah edə bilərsiniz mi? Həmçinin sizi buna və yuxarıda göstərilən bütün fəaliyyətlərə nəyin sövq etdiyini də bilmək maraqlı olardı.

- Şirkətlər qrupu olaraq bu cür qəfil hadisələrin həmvətənlərimizin psixoloji əhval-ruhiyyəsinə təsir göstərəcəyini anlayırdıq. Məhz bu səbəbdən, maddi dəstəklə yanaşı, insanlara mənəvi dəstək də vermək istəyirdik. Qrupumuza daxil olan Kapital Bank və Bravo marketlər şəbəkəsi tərəfindən insanların qəlbinə hər şeyin yaxşı olacağına dair ümid toxumları səpən təsirli videoroliklər hazırlandı. Bundan əlavə, Kapital Bank özünün “BirBank” mobil tətbiqində istifadəçilərə qazandıqları “bonus ürəklərini” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaratdı. Bununla biz istədik ki, ölkəmizin hər bir vətəndaşı aparılan yaşam mübarizəsinə öz töhfəsini versin. Bilirdik ki, bu onları mütləq qürurlandıracaq və onlarda özünəinamı artıracaqdır. Qeyd etmək istərdim ki, belə bir qısa müddət ərzində “BirBank” tətbiqi vasitəsilə ümumilikdə 13 minədək istifadəçi tərəfindən Fonda təqribən 120 min manat ianə edilib. Eyni zamanda, PAŞA Sığorta ətrafda mənfi ab-havanın hökm sürdüyü bu dönəmdə könüllü tibbi sığortası olan hər bir müştəriyə anonim psixoloji dəstək ala biləcəyi ödənişsiz “Psixoloqla məsləhət” xidmətini təklif edib. Bizim bu və yuxarıda göstərilən bütün fəaliyyət növləri ilə məşğul olmağımızın səbəbi ilə bağlı suala gəlincə, əvvəlcədən də qeyd etdiyim kimi, biz ölkənin ən böyük təşkilatlarından biri olduğumuzdan, cəmiyyət qarşısında öhdəliklərimizi qəbul edirik. Bütün bu geniş proqramların səbəbi səhmdarlarımızın PAŞA şirkətlər qrupunu necə görmək istədikləri ilə bağlıdır. Biz ölkə ərazisində və regionda kifayət qədər uğurlu biznes aparırıq və adi fəaliyyət illərində səmərəlilik baxımından olduqca müsbət göstəricilərimizlə fərqlənmişik. Qrupumuzun pul vəsaitlərinin əksər hissəsini biz Azərbaycanda qazanırıq və buradakı müştərilərimiz məhsul və xidmətlərimizə görə ödəniş edən milyonlarla insanlardır. Çətin günlərdə ölkə əhalisinə və qrupumuzun biznesləri üçün doğma olan müştərilərimizə borcumuzu qaytarmağa çalışırıq. Bizim üçün digər güclü hərəkətverici amil bizim dəyərlərimizdir. PAŞA Holding-in korporativ dəyərləri dürüstlük, keyfiyyət, sahibkarlıq ruhu, əməkdaşlıq və gəlirlilikdir. Nə qədər çox gəlir əldə ediriksə, ölkəmizin insanları qarşısında bir o qədər çox məsuliyyət daşıyırıq. Biz sahibkarlıq dəyərimizdən çıxış edərək təşəbbüs göstəririk və bütün addımlarımızı dürüstlük dəyərinə əməl etməklə atırıq. Biz səhv etməmək və keyfiyyətli iş təmin etmək üçün hər addımımızı iki dəfə ölçürük. Və biz bunu Qrupumuzun şirkətləri, dövlətimiz və ölkəmizin insanları ilə birgə əməkdaşlıq əsasında edirik. Bizi irəliyə aparan da məhz budur. Mən fəxr edirəm ki, bütün işçilərimiz bu dəyərləri anlayır və gündəlik həyatlarında onlara riayət edirlər. Məsələn, “PAŞA Travel” şirkətində əməkdaşlar “Bişirək - Sevindirək” layihəsini həyata keçiriblər. Yəni şirkətin əməkdaşları özləri hazırladıqları məhsulları satmaqla müəyyən miqdarda vəsait toplayaraq onu “Evdə qal, biganə qalma” təşkilatına ianə ediblər. Eynilə, Kapital Bank-ın əməkdaşları da Bank daxilində könüllü olaraq təşkil edilən “Qırmızı Ürəklər” qrupuna qatılaraq ianə edib və ölkə daxilində 1000-dən çox insana dəstək göstəriblər. PAŞA Bank, PAŞA Sığorta, PAŞA Həyat, PAŞA İnvestments, PAŞA Technology, PAŞA İnşaat və digər şirkətlərimizin çoxsaylı əməkdaşları Fonda və digər təşkilatlara fərdi yardımlar ediblər ki, bu da məni Holdinqin Baş İcraçı Direktoru olaraq sevindirir.

- Cəlal müəllim, ətraflı məlumat üçün təşəkkür edirəm. Söhbətimizi yekunlaşdırırıq. Son olaraq bir sual da vermək istərdim. Qeyd etdiniz ki, sizin korporativ dəyərlərə sadiqliyiniz olduqca mühüm amildir. Bu, sizin bu cür tədbirləri yalnız ölkə üçün çətin vaxtlarda deyil, mütəmadi olaraq həyata keçirdiyiniz anlamına gəlir mi?

- Tamamilə doğrudur. Bütün şirkətlərimizin illik KSM planları vardır və onların hamısı sponsorluq və KSM siyasətindən asılı olaraq müvafiq istiqamətlərə yardım göstərirlər. Son 4 aya nəzər salsaq, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin mütəmadi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətini dəstəklədiyini, eyni zamanda ölkədə idmanın inkişafına da xüsusi diqqət yetirdiyini görə bilərik. Bravo həssas qruplara yalnız çətin dövrlərdə dəstək vermir. Sosial məsuliyyət fəaliyyətləri çərçivəsində Bravo müntəzəm olaraq ehtiyacı olan ailələrə, müharibə veteranları və əlil icmalarına, məcburi köçkünlərə, uşaq evləri və sığınacaqlara dəstək olur, həmçinin yaşlı vətəndaşları marketlər şəbəkəsində alış-veriş zamanı 10% endirim əldə etmək imkanı verən pensiya kartları ilə təmin edir. Yalnız 2020-ci ilin ilk 4 ayında Bravo tərəfindən pensiyaçılara verilən endirimlərin ümumi məbləği 2 milyon manat təşkil edib.

Biz sosial məsuliyyətin bütün aspektlərini əhatə etməyə çalışırıq, buna görə də “YAŞA” təqaüdçülər mərkəzinin maliyyələşdirilməsi ilə yanaşı, Kapital Bank bölgələrdə illik ağacəkmə fəaliyyətlərini də maliyyələşdirir və bununla həm ekoloji təmizliyin qorunmasına, həm də ölkədə kənd təsərrüfatının inkişafına dəstək verir. PAŞA Bank Azərbaycan da qadın sahibkarlar üçün qadınlara məxsus mikro, kiçik və orta sahibkarlığın artırılmasını dəstəkləyən sürətləndirilmiş proqrama dəstək verib. Bank, həmçinin gənclərin sahibkarlıq təhsilinin dəstəklənməsində fəal iştirak edib. Rəqəmsallaşdırmaya sadiq qalan PAŞA Bank Azərbaycan İT mütəxəssislərinin potensialını və bu sahəyə marağı artırmaq məqsədilə “PAŞA Bank Cup” təşəbbüsü ilə çıxış edib. Məni daha da qürurlandıran məsələ xaricdəki banklarımızın sosial məsuliyyət fəaliyyətləridir, çünki işlədiyimiz bütün ölkələr bizim üçün doğmadır. Məsələn, PAŞA Bank Türkiyə bu ilin əvvəlində Elazığ Sivriçədə (Türkiyə) baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım edib. PAŞA Bank Gürcüstan da, öz növbəsində, Gürcüstanda yerli və beynəlxalq biznes forumlarına və konfranslarına sponsorluq etməklə ölkədəki biznes mühitinə dəstək verir.

PAŞA Holding olaraq KSM və sponsorluq sahəsindəki fəaliyyətlərimizi şaxələndirməyə və mümkün qədər daha çox istiqaməti əhatə etməyə çalışırıq: qeyri-neft sektorlarına, kiçik və orta sahibkarlığa dəstək, qadın əhali arasında həyata keçirilən proqramlara xüsusi diqqət yetirməklə sahibkarlıq və innovativ mədəniyyətin formalaşdırılması istiqamətində addımlar, təhsilə və ölkənin səhiyyə sisteminə dəstək. Biz vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakını dəstəkləmək, kiçik və orta ailə müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və rəqabətə davamlı ev təsərrüfatlarının formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində yaradılmış “ABAD” mərkəzinə müntəzəm olaraq maliyyə yardımı göstərən şirkətlərdən biriyik. Ölkədə İT sektoruna marağın artmasını hədəfləyərək, ADA Universitetinin İT sahəsinə yönəlmiş fakültələrini, eyni zamanda universitetin startap və təqaüd proqramlarını da dəstəkləyirik. Həmçinin biz ölkəmizin əhalisinin səhiyyə və təhsil sahəsindəki fərdi ehtiyaclarına da xüsusi diqqət yetirir, bu istiqamətdə sponsorluq etməklə bağlı bizə olunan fərdi müraciətləri mütəmadi olaraq nəzərdən keçiririk və bu barədə heç vaxt məlumat paylaşmırıq. Biz inanırıq ki, yalnız bütün bu fəaliyyətləri həyata keçirməklə həm ölkə, həm də region üçün firavan bir gələcəyin qurulmasına töhfə verə biləcəyik.

Cəlal müəllim, bir daha dəvətimizi qəbul etdiyinizə və şirkətiniz haqqında olduqca mühüm məlumatlar verdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, insanların çoxu şirkətlərinizin həyata keçirdiyi bu fəaliyyətlərdən xəbərsiz idilər, buna görə də verdiyiniz məlumatlardan biz də çox şey öyrənmiş olduq.

- Dəvət üçün mən Sizə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək, hətta karantin dövründə fiziki olaraq işə çıxan, müştərilərlə təmasda olan, əməkdaşların təhlükəsizliyini təmin edən və şirkətlərin tam fəaliyyət göstərməsi üçün lazım olan texniki dəstəyi təmin edən bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Gəlin ümid edək ki, xəstəliyin ən qısa zamanda qarşısı alınacaq və hamımız normal həyata qayıdacağıq. Cəmiyyətimiz bu çətin dövrdə bir daha həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyev və onun komandasının rəhbərliyi altında hamımız əlbir olmaqla yaranmış bu çətin vəziyyətdən alnıaçıq çıxacağıq.

Paylaş:
5423

Sizin üçün xəbərlər

Son xəbərlər

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13
Bütün xəbərlər