Dünyada koronavirusa yoluxanların sayı 82 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 82 mindən çox artıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 88 891 nəfər yeni koronavirusa yoluxub, 4 531 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 088 848 nəfərə, ölənlərin isə 283 153 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 755 790 yoluxma və 157 880 ölüm halı. Avropa regionunda sutka ərzində 24 184 yoluxma halı, 1 277 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 743 717, ölənlərin sayı isə 104 549 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 274 027 yoluxma və 9 138 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 298 287), İspaniyada (224 390), Rusiyada (232 243), Böyük Britaniyada (223 064), İtaliyada (219 814), Almaniyada (170 508), Braziliyada (162 699), Türkiyədə (139 771), Fransada (137 491) və İranda (109 286) qeydə alınıb.
1news.az