Kamal Cəfərov: Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Kamal Cəfərov: Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməlidir

18:40 - 09 / 06 / 2020
Kamal Cəfərov: Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməlidir

"Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov şəxsi Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, vətəndaşlar qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə tibbi maska taxmalıdır:

"Birincisi, epidemiya insanların səbrini tükədib. Amma vətəndaş da qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə tibbi maska taxmalıdır. Ümumiyyətlə isə cəmiyyətdə qəribə inamsızlıq hissi var, baş infeksionist hələ mart ayında deyəndə ki, ölkədə hələ koronavirus yoxdur, hamı dedi ki, var, gizlədirlər.

İndi deyir ki, koronavirus var, hamı deyir ki, uydurmadır. Dövlət koronavirusla mübarizəyə 3 milyard manata yaxın yardım vəsaiti ayırıb, deyirlər ki, yeni cərimə ilə büdcə gəlirlərini artırmaq istəyirlər. Belə nümunələr çoxdur.

İkincisi, karantin dövründə həkimlərlə yanaşı ən çətin iş polislərin idi. Polis kifayət qədər peşəkar və səbrli xidmət göstərib. Elə ən çox riskə məruz qalan da polislər olub. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə ictimai aşayişi qoruyanda da Azərbaycan gəncləri, polisləri olub.

Üçüncüsü, mövqem ondan ibarətdir ki, bütün qanun pozuntularına yalnız hüquqi qiymət verilməlidir. Misal üçün Yasamal rayonunda gənc polisin Gülər xanıma qarşı işlətdiyi ifadələr etik davranış qaydalarına zidd idi. Hüquqi qiymət verildi. Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olundu. Əlbətdə bu hüquqi proses davam edir. Misal üçün Gülər xanım vəkillə təmin edilib, hüquqları müdafiə olunur, onun vəkilinin sözlərinə görə yaxın günlərdə həbslə bağlı qərardan apelyasiya şikayəti veriləcək".

Bütün bunlarla yanaşı K.Cəfərov hesab edir ki, sonuncu 2 günlük sərt karantin dövründə ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər:

"Hər iki tərəf nümunəvi davranıb. Epizodik pozuntular da olub. Nəticə odur ki, vətəndaşa münasibətdə etik davranış qaydalarını pozan polis də cəzalandı, qanunu pozan vətəndaş da. Belə hüquqi proseslər bütün hüquqi və demokratik dövlətlərdə baş verir".

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər