Deputat: Gənc ailələr güzəştli şərtlərlə mənzil tələbatını qarşılaya biləcək | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Gənc ailələr güzəştli şərtlərlə mənzil tələbatını qarşılaya biləcək

09:47 - 11 / 06 / 2020
Deputat: Gənc ailələr güzəştli şərtlərlə mənzil tələbatını qarşılaya biləcək

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasət və qüvvəyə minən qərarlar aztəminatlı və gənc ailələrin sosial təminatının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün effektli rol oynayır”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. O bildirib ki, Azərbaycan xalqının sosial rifahı və təminatı daima ölkə başçısının fəaliyyətində əsas hədəf nöqtələrindən biri kimi qalmaqdadır.

“Vətəndaşlar olaraq buna həm pandemiya dövründə görülən işlər və həyata keçirilən dəstək məqsədli dövlət layihələrində, həm də pandemiyadan öncə aztəminatlı ailələrin sosial təminatı ilə bağlı yaradılan imkanlarda gördük. Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun təklif etdiyi imkanlar da gənc ailələrə sərfəli şərtlərdən yararlanaraq mənzil təminatını ödəməyə şərait yaradır”.

Deputatın sözlərinə görə, MDB ölkələri arasında ən əlverişli şərtlərlə vətəndaşlara xidmət göstərən bu fond ümumilikdə Qafqaz regionunda bu istiqamətdə ilk ipoteka bazarıdır.

“Fond tərəfindən təklif edilən ipoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir və beləliklə borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır. Bu özlüyündə xarici valyutanın daima dəyişən məzənnəsi qarşısında yerli valyuta ilə ipoteka kreditindən yararlanmaq üçün ən əlverişli fürsətdir. Həmçinin fondun minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,4% təşkil edir. Müqayisə üçün, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 8,9% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır. Fondun fəaliyyəti dövründə 29 minə yaxın ailə mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka krediti əldə edilməsinə nail olmuşdur ki, bunun 71%-i gənc ailələr təşkil edir. Bu rəqəm çox böyük göstəricidir. Həm də bu rəqəm ölkə rəhbərliyi tərəfindən gənc ailələrin böyük hissəsinin sosial təminatının təşkil edilmiş olduğunun göstəricisidir. Həmçinin operativ və şəffaf xidmətin təmin edilməsi bu sahədə yenilikçi addımları göstərir. İnnovativ imkanların tətbiq edildiyi və müasir təcrübənin olduğu ASAN Xidmət mərkəzləri ilə vətəndaşların müraciətləri sürətli formada həll edilir. Karantin rejimi dövründə onlayn formada 6 mindən çox vətəndaş artıq fonda müraciət edib və 900-dən çox şəxsin sənədi qəbul edilib. Artıq 88 kirayəçiyə isə mənzillər təhvil verilib”.

Ş.Seyidzadə deyib ki, bütün bunlar sözün əsl mənasında görülmüş dəstək məqsədli böyük işlərdir.

“Amma ümumilikdə bu məsələlər yalnız “mənzil” anlayışı ilə məhdudlaşmamalıdır. Çünki şəhər tipli yaşayış məntəqələrinin əksinə kənd və qəsəbələrdə də gənc ailələrin ev problemi mövcuddur və bu problem həll edilməlidir. Yəni güzəştli ipoteka və müraciət şərtləri ilə evlərin inşası üçün sahələrin vətəndaşlara təklif edilməsi məsələsinin gündəmə gətirilməsini və bu sahədə də qanun layihəsinin hazırlanmasını uyğun hesab edirəm”.

1news.az

Paylaş:
1959

Son xəbərlər

Bütün xəbərlər