“Azərbaycanda vaxtında və doğru istiqamətdə atılan hər addım bizi ağır böhranlardan qorudu” – Müsahibə
“Ermənistanın baş naziri beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü”.
“Azərbaycan koronovirus epidemiyasına qarşı ən effektli mübarizə aparan ölkələrdəndir”.
Milli Məclisin deputatı Emin Hacıyev 1news.az-a müsahibə verib.
- Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı bir daha göstərdi ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanın Avropa İttifaqının bir çox üzv ölkəsi ilə əməkdaşlıq imkanlarını və ümumiyyətlə bu beynəlxalq platformada yerimizi necə qiymətləndirirsiniz?
- Videokonfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. Eləcə də on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bununla yanaşı, ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş, onu maliyyələşdirmişdir. Bu, mühüm enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Dövlət başçısı hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş getdiyini də nəzərə çatdırdı. Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Videokonfransda enerji təhlükəsizliyi, enerji ehtiyatlarının şaxələndirilməsi və bunun kimi əhəmiyyətli məsələlərin müzakirəsi, Azərbaycanın bu prosesdə yeri və əhəmiyyəti bir daha göstərdi ki, ölkəmiz Aİ üçün olduqca mühüm, vacib bir ölkədir.
Bununla yanaşı Avropa İttifaqı rəsmilərinin çıxışlarında da Azərbaycanın Aİ-nin əsas ticarət tərəfdaşı olduğunu bir daha vurğulandı. Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq miqyasda öz yerini və imicini nəinki qoruyur, üstəlik möhkəmləndirir də. Eyni zamanda, belə beynəlxalq platformalar bir həqiqətin də təsdiqinə çevrilir ki, dünya liderləri ilə bir sırada dayanmağı bacaran dövlət başçısı ölkəmizi daha mühüm mərtəbələrə daşımaq yolundadır.
- Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa olunması baxımından hansı məqamlarla yadda qaldı?
- Cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinə, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməsinə diqqəti çəkərək, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirdi. Bir daha bəyan etdi ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır!
Ermənistanın baş naziri beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü. Belə ki, Nikol Paşinyan Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırmağa və Sammit iştirakçılarını aldatmağa cəhd etdi. Amma açıq-aşkar yalançılıq etməklə özü-özünü ifşa etdi. Belə ki, onun dediklərinin əksinə olaraq Məhkəmə Azərbaycan dövlətini baş vermiş hadisədə müqəssir bilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə faktlarla susduruldu. Prezident İlham Əliyev çıxışında Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini sübut edən çoxsaylı faktlardan birinə toxunaraq Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxsin sonradan Ermənistana ekstradisiya edildiyini və Ermənistan prezidenti tərəfindən əfv olunduğunu xatırlatdı.
Qeyd edim ki, bu, Ermənistanın baş nazirinin beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan Prezidenti qarşısında aciz və gülünc vəziyyətə düşdüyü ilk hadisə deyil. Bundan əvvəl Valday Klubu, Aşqabadda MDB dövlət başçılarının sammiti, Münhen Təhlükəsizlik konfransında Paşinyanın biabır oldiğu səhnələr hər kəsin yadındadır.
- Hazırda COVİD-19 beynəlxalq miqyasda böyük itkilərə səbəb olub. Azərbaycan bu çətinliyi nibətən az itkilərlə dəf etməyə çalışır. Ölkəmizin fors-major vəziyyətlərə hazır olmasını necə qiymətləndirirsiniz?
- Sözsüz ki, bu gün bütün dünya sınaq qarşısındadır və proseslərin hara gedəcəyini, necə inkişaf edəcəyini tam mənasıyla proqnozlaşdırmaq asan deyil. Dünyanın həm iqtisadi, həm elmi araşdırmalar baxımından, həm də səhiyyə sistemləri sarıdan necə deyərlər imtahan verdiyinin şahidiyik. Azərbaycanda vaxtında və doğru istiqamətdə atılan hər addım bizi ağır böhranlardan qorudu, çətinliklərdən üzü ağ çıxmağımıza təkan verdi. Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ümumiyyətlə pandemuyaya qarşı mühüm tədbirlər həyata keçirildi, dövlət başçısının təşəbbüsü ilə yeni və müasir tibb müəssisələri açıldı. Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv tədbirlərin görülməsi üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Azərbaycan Prezidentinin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın problemə vaxtında həssas münasibət göstərmələri ciddi nəticələr verdi. Ölkəmizdə yardımlaşma kampaniyalarının başlanması əhali üçün müəyyən mənada stimula çevrildi. Biz sözlə Azərbaycanın böyük, dərin böhrandan, necə deyərlər yayına bilməsinin əsasında dövlətimizin, ölkə rəhbərliyinin daxili prioritetləri vaxtında və çox düzgün müəyyən etməsi durur. Bütün bunlar təbii ki, ölkəmizin istənilən fors-major vəziyyətə hazır olduğunu sübut edir.
- Heydər Əliyev Fondu ( RİİB) ehtiyacı olan ailələri darda qoymadı və bir humanism, yardımlaşma platforması yaratdı. Bu addımı necə qiymətləndirirsiniz?
- Heydər Əliyev Fondu ölkəmizin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verən, iri humanitar layihələrə imza atan əvəzolunmaz bir təsisatdır. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiyalar xüsusi diqqət çəkir. Sistemli və ardıcıl şəkildə həyata keçirilən, minlərlə insanı əhatə edən sosial layihələr həm əhatə dairəsi, həm də mahiyyəti baxımından ölçüyəgəlməz xarakterə malikdir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən bütün aksiyaların məqsədi aztəminatlı ailələrin, həssas kateqoriyadan olan müxtəlif insanların yanında olmaq, vətəndaş həmrəyliyini gücləndirməkdən ibarətdir. Düşünürəm ki, Fond bu sahədə ciddi nailiyyətlər əldə edib.
Azərbaycan xalıqının dəyər simvoluna çevrilən hörmətli Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Fond nəcib təşəbbüslərə imza ataraq, gözəl bir nümunə yaradır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və şəxsən ölkənin Birinci xanımının çağırışları bütün dünyada müşahidə olunan sosial gərginliyin Azərbaycanda daha az müşahidə olunmasına rəvac verir.
- Sizcə, pandemiya dünyada və Azərbaycanda hansı izlər qoyacaq?
- Koronavirusun dünya iqtisadiyyatı üçün olduqca böyük fəsadları oldu və olacaq da. Diqqətimizi çəkən məqamlardan biri budur ki, ciddi elmi araşdırma aparan və proqnozlar verən institutlar, eləcə də banklar dünya iqtisadiyyatının artması ilə bağlı proqnozlarına dəyişiklik ediblər.
Cənab Prezident İlham Əliyevin bu fikri vəziyyəti tam mənasıyla ifadə edir və ciddi bir çağırışdır: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır”.
Bu fikirlərin müəyyən etdiyi istiqamət göstərir ki, koronavirusun mənfi təsirlərinin minimuma endirilməsi əsas hədəflərimizdən biri olacaq. Düşünürəm ki, Azərbaycan daxili planlaşdırmanın öndə olduğu bir dövrün ən uğurlu ölkələrindən olacaq. Biz buna nail olacağıq.
- Pandemiyanın Azərbaycana iqtisadi təsirlərinin azaldılması istiqamətində görülən tədbirlərin effekti ilə bağlı bir qədər detallı danışmağa ehtiyac var. Bu barədə nə deyə bilərsiniz?
- Pandemiya səbəbindən beynəlxalq birjalarda neftin kəskin ucuzlaşması, infeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə dünya ölkələrində elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. İndi elə bir ölkə yoxdur ki, onun iqtisadiyyatı pandemiyanın yaratdığı təlatümlərdən kənarda qalsın. Yaranmış vəziyyət təbii ki, Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Lakin cənab Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirlər ölkə iqtisadiyyatına qlobal təsirlərin minimuma endirilməsinə imkan yaradıb. Koronavirus pandemiyasının milli iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün ölkəmizdə sistemli tədbirlər həyata keçilir. Bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketi qəbul olunub. Əhali qruplarına, pandemiyadan zərər çəkən sahibkarlara maliyyə yardımı göstərilir. Biznesə genişmiqyaslı vergi güzəştləri verilib, sahibkarlardan tutulan məcburi dövlət sosial sığorta haqqı azaldılıb. Bütün bu güzəştlər biznes mühitinin qorunmasına yönəldilib. Təbii ki, bu çətin şəraitdə ölkədə həyata keçirilən davamlı tədbirlər öz bəhrəsini verir.
- Bütün bunlar iqtisadi göstəricilərdə özünü hansı şəkildə göstərir?
- Azərbaycanda bu ilin ilk 5 ayı üzrə iqtisadi göstəricilər ümidvericidir. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, iqtisadi sahələr üzrə azalan göstəricilərlə yanaşı, biz müsbət dinamikanı müşahidə edirik. Bu dövr ərzində ölkəmizdə qeyri-neft sənayesi istehsalı 14%, kənd təsərrüfatı istehsalı 3,6% artıb. Dövlət büdcəsi gəlirlərinin 17% artması, orta aylıq əmək haqqının 740 manata çatması, illik inflyasiyanın 2,9%-ə düşməsi hazırkı dövrdə nailiyyət hesab oluna bilər. Təbii ki, ÜDM-nin 1.7% azalması pandemiya şəraitinin gözlənilən təsirinin nəticəsdir. Amma bu göstəricinin digər ölkələrlə müqayisədə daha aşağı olması və beynəlxalq maliyyə qurumlarının açıqladığı proqnozlar onu deməyə əsas verir ki, Azərbaycan pandemiyadan minimum itkilərlə çıxacaq dövlətlərdən olacaq. Bunun üçün ölkəmiz geniş imkanlara malikdir. Son illər iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar iqtisadi potensialımızı gücləndirib. Onu da deyim ki, pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə edirik. Qısa müddət ərzində ölkəmizdə iki tibbi maska müəssisəsi fəaliyyətə başlayıb. Həmçinin Azərbaycanda dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinzonlar istehsal olunur. Bu, hazırkı dönəmdə vacib olan vasitətələrin idxalını minimuma endirməyə imkan verməklə, yerli istehsalın genişlənməsinə şərait yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşlarımızın sağlamlığı, təhlükəsizliyi dayanır və Azərbaycan koronovirus epidemiyasına qarşı ən effektli mübarizə aparan ölkələrdəndir.
- İndiki məqamda sahibkarların üzərinə hansı məsuliyyət düşür?
- Bu gün dövlətimiz bütün mümkün imkanlarını epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirib. Pandemiyadan zərər çəkən sahibkarlara dəstək göstərilir, biznes sektorunun yaranmış vəziyyətdən daha az itki ilə çıxması üçün imkanlar səfərbər edilib. Bu dövr eyni zamanda sahibkarlarımızdan, biznes subyektlərindən sosial məsuliyyət tələb edir. Sahibkarlar işçiləri ixtisar etməməli, əmək haqlarını vaxtında ödəməli, sosial layihələrdə fəal iştirak etməlidir. İndi birlik və həməylik zamanıdır. Özəl sektorun COVİD-19 infeksiyasına qarşı apardığı mübarizədə dövlətimizlə həmrəy olaraq könüllülük və sosial məsuliyyət prinsipləri əsasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməsi bu mənada yüksək dəyərləndirilir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi “Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik".
- Pandemiya iqtisadiyyat üçün hansı qlobal çağırışlar yaradıb?
- COVİD-19 virusu artıq istehlakçıların və müəssisələrin davranışlarında ciddi dəyişikliklər yaradıb. Pandemiya səbəbindən tətbiq olunan karantin rejimi və sosial izolyasiya tədbirləri rəqəmsal texnologiyalara tələbatı artırıb. Bu gün dünyada milyonlarla insan işə getmədən məsafədən çalışır, təhsil alır, onlayn xidmətlər əldə edir. Şirkətlər fəaliyyətini elektronlaşdırıaraq, xidmətlərini rəqəmsal mühitə daşıyır. Koronavirus epidemiyası iqtisadiyyatın ən müxtəlif sahələrinin rəqəmsallaşmasını və rəqəmsal transformasiyanı sürətləndirir. Azərbaycan da yeni çağırışlara çevik reaksiya verir. Ölkəmizdə elektron hökumət quruculuğu, rəqəmsal ticarət habının formalaşdırılması istiqamətində iri layihələr icra olunur, elektron ünsiyyət alətlərindən istifadənin əhatə dairəsi genişləndirilir. Hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanır və bu strategiya 5 il ərzində həyata keçiriləcək. Rəqəmsal strategiya süni intellektdən geniş istifadə etməklə həyatımızın hər bir sahəsini elektronlaşdırılmasına imkan verəcək. Pandemiyanın nə zaman bitəcəyi qeyri-müəyyən olduğundan məsafədən idarəetmə və distant təhsil məslələri xüsusilə aktuallaşıb. Bütün bunlar isə Azərbaycanın qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq imkanlarını genişləndirir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev dünyanın ən böyük şirkətlərindən olan “Microsoft”un rəhbərliyi ilə videokonfrans zamanı bildirdi ki, bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Görünən odur ki, bundan sonra ölkələrdə iqtisadi artım təbii ehtiyatlardan daha çox insan zəkası və innovasiyalardan asılı olacaq. Bütün bunlar təbii ki, yeni dövrün çağırışlarıdır.
1news.az