“Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Şahnaz Əliyevadan, Abşeron, Azərbaycan
“Hörmətli cənab Prezident.
Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun”.
Rahim Muradovdan, Naftalan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu gün hər bir Azərbaycan gənci Azərbaycan Ordusu ilə fəxr edə bilər. Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi.
Cənab Ali Baş Komandan, güclü Azərbaycan naminə biz gənclər Sizinləyik, əmrinizi gözləyirik”.
Elgün Kərimovdan, Cəlilabad, Azərbaycan
“Hörmətli cənab Prezident.
Məlum olduğu kimi, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması açıq-aşkar təxribatdır.
Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətiniz, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxuya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Azərbaycan xalqı Sizə inanır. Sizin sayənizdə işğal olunmuş ərazilər qısa zamanda geri alınacaq”.
Elnur Səfərovdan, Füzuli, Azərbaycan
“Hörmətli cənab Prezident.
Son günlər baş verən hadisələrdən sonra Azərbaycan xalqının Sizin yanınızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində güclənən ordumuzun düşmənə vurduğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı.
Biz ordumuza güvənərək Füzuli rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan ordusunun inkişafının düzgün əllərdə olduğunu bir daha göstərdi. Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteran və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər təqdirəlayiqdir. Müharibədən əziyyət çəkən hər bir vətəndaş Sizin diqqət və qayğınızı hər zaman hiss edir. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyatda olan bir əsgər kimi doğma torpaqlarımızın işğaldan azad olunması üçün ordumuzun sıralarına qoşulmağa və Vətənimin azadlığı naminə canımdan keçməyə hazıram”.
Məhərrəm Abdullayevdən, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, humanist rəhbər, müdrik Ali Baş Komandan.
Azərbaycan dövlətinin və xalqının növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir Lider rəhbərlik etdi. Hər addımında zəfər duyulan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və bu qüdrətli ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli, müdrik və humanist bir Lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə doğru inamla aparın, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Allah bu yolda yardımçınız olsun. Allah xalqımızı, Sizi və ailənizi qorusun”.
Bəsirə Qasımovadan, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Bütün Azərbaycan xalqı Sizinlədir. Əminəm ki, xalqımız Sizinlə qələbə sevincini yaşayacaq”.
Ağakişi Baloğlanlıdan, Lənkəran, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Son günlərdə baş verən düşmən təxribatı xalqımızı hiddətləndirmiş, düşmənə olan nifrətimizi daha da artırmışdır. İnanırıq ki, Sizin məqsədyönlū siyasətiniz xalqımızı uğura, zəfərə aparacaq. Dövlətimizin yürütdüyü siyasət bir gün bizə o qələbəni, o sevinci yaşadacaq. Bu müqəddəs yolda həmrəyliyimiz, birliyimiz qarşısında düşmən diz çökəcək”.
Aydan Cəfərovadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.
Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazıram, səfərbərlik əmrinizi gözləyirəm.
Hamımız inanırıq ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq”.
Mehparə Mustafayevadan, Goranboy, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin yenidən şahidi olduq. Allah Sizi qorusun. Ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzu edirik.
Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta, ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. İtkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız məni sevindirir. Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim”.
Rövşən Qurbanovdan, Goranboy, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Biz gənclər inanırıq ki, Sizin uğurlu siyasətiniz və ordumuzun gücü sayəsində işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa edəcəyimiz gün uzaqda deyil. Bunu deməyə Sizin xarici siyasətdə əldə etdiyiniz uğurlar və ordumuzun düşmən təxribatlarına verdiyi tutarlı cavablar əsas verir. Biz goranboylu gənclər Sizin döyüş əmrinizi yerinə yetirməyə hər zaman hazırıq və buna qadirik. Sizin də qeyd etdiyiniz kimi, biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.
Xəyalə Yusifovadan, Qubadlı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Sizin Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Sizin mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsinizə xüsusi hörməti hamımızı sevindirir.
Cənab Prezidentim, bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva