“Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq” – Ali Baş Komandana yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq” – Ali Baş Komandana yazırlar

10:27 - 23 / 07 / 2020
“Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq” – Ali Baş Komandana yazırlar

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Hatəm Əliyevdən, Lerik, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatda düşmən ölkə qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu nəinki düşmənin hücumunun qarşısını aldı, onların silahlı qüvvələrinə layiqli zərbə də endirdi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu.

Bu anlar bizə qürur yaşatdı. Ermənilər bir daha başa düşdü ki, hər bir təxribatın qarşısı belə qətiyyətlə alınacaq. Çünki Azərbaycanda dövlət-xalq birliyi, Prezidentə böyük dəstək, sevgi var.

Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edir, Sizə inanır və güvənirik”.

Göyçək Qasımovadan, Ağcabədi, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti qəlbən dəstəkləyir və bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm.

Əminəm ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı uğura, zəfərə aparacaqdır”.

Ülviyyə Salmanovadan, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı.

İstər xarici tribunalardakı çıxışlarınız, istərsə də ölkəmizin uğurlu inkişafı üçün göstərdiyiniz əzm biz gəncləri çox sevindirir. Sizə olan dəstəyimiz daimidir.

Ordumuza göstərdiyiniz diqqətin nəticəsidir ki, bu gün torpaqlarımıza uzanan hər bir düşmən əlini yerindəcə qırırıq.

Biz - Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin könüllüləri də ordumuzun bu şücaətindən qürurlanır və Sizin əmrinizi daim yerinə yetirəcəyimizə söz veririk”.

Arif Camalovdan, Qazax, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşıyam. Bütün dünyanı bürüyən koronavirus ölkəmizdən də yan keçməmişdir. Məhz Sizin uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində ölkəmiz bu bəla ilə mübarizədə digər ölkələrə nisbətən az itki vermişdir.

Cənab Prezident, Qarabağ müharibəsi veteranı kimi Sizin xalqımızın rifahı, ölkəmizin inkişafı naminə gördüyüz işlərə görə minnətdarlığımı bildirirəm. Bu çətin dövrdə Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram.

Xüsusi karantin rejimində vergi ödəyicilərinə verilən müavinətlər bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunu göstərir”.

Gəray Zeynallıdan, Ağcabədi, Azərbaycan

“Cənab Ali Baş Komandanımız.

Son illərdə apardığınız uğurlu siyasət nəticəsində ordumuzun inkişafı, regionun ən güclü ordusuna çevrilməsi hər kəsə məlumdur. Bu, bütün Azərbaycan xalqı üçün qürur mənbəyidir.

İyulun 12-də erməni faşistləri yenidən Azərbaycanın suverenliyini pozmaq üçün hərbi təxribat törətmişlər. Milli Ordumuzun kəskin cavabı nəticəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Cənab Ali Baş Komandan, biz laçınlı gənclər - YAP Laçın rayon Təşkilatının üzvləri doğma vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə yollanmağa hazırıq.

Cənab Ali Baş Komandan, bunun üçün əmrinizi gözləyirik”.

Vüsal Baloğlanovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olaraq son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlərlə bağlı gənclərə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq”.

Anar Alışovdan, Yardımlı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin ölkəmizdə apardığınız uzaqgörən siyasət nəticəsində Azərbaycanda güclü dövlət və qüdrətli ordu yaranmışdır. Məhz bu gün biz bu ordu ilə Sizin rəhbərliyiniz altında düşmənə layiqli cavab veririk.

Biz - Yeni Azərbaycan Partiyasının gənc üzvləri torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz gənclər daim öz dövlətimizin yanındayıq. Biz birlikdə güclüyük”.

Tural Məhərrəmlidən, Samux, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mübarizlər, fəridlər yetişdirmiş ölkəmizdə Sizin əmrinizi gözləyən, arxanızda dayanan milyonlarla igidimiz var. Biz bir ölsək də, milyon doğularıq.

Cənab Ali Baş Komandan, əsgər Məhərrəmli Tural Elşad oğlu Sizin əmrinizi gözləyir və iradənizə inanır”.

Anar Əhmədovdan, Samux, Azərbaycan

“Hörmətli cənab prezident.

Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var.

Cənab Ali Baş Komandan, qəhrəman ordumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan, Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq”.

Rəna Abdullayevadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən yürütdüyünüz siyasət, uzaqgörənliyiniz və qətiyyətiniz ilə fəxr edirəm.

Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Qüdrətli ordumuz aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır.

Cənab Prezident, fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Rəşid Şabanovdan, Samux, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bu gün ordumuzun dünyanın 200-dən çox ölkəsinin ordusu içərisində ilk 50-likdə olması Sizin ölkəmizdə bütün sahələrə, o cümlədən müdafiə sahəsinə dayırdığınız diqqət və qayğının, silahlı qüvvələrimizin müasir silahlarla təmin edilməsinin nəticəsidir. Biz buna istər aprel döyüşlərində, istərsə də ordumuz tərəfindən düşmən təxribatının qarşısı alınarkən dəfələrlə şahidi olmuşuq.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən nankor planını yenidən həyata keçirməyə cəhd göstərsə də, şanlı ordumuzun qəhrəman əsgərləri, zabitləri düşmənin bu hiyləgər planını da puça çıxardı və Sizin tapşırıqlarınızı layiqincə yerinə yetirdilər. Ordumuz gücünün az bir hissəsini göstərərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Düşmən çoxsaylı itki verərək geri çəkilməyə məcbur qaldı.

Biz - Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin fəal üzvləri ordumuzun göstərdiyi şücaətdən ruhlanaraq hər zaman olduğu kimi, bu gün də Sizin əmrinizi gözləyir və iradənizə inanırıq”.

Şahlar Aslanovdan, Beyləqan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözdə deyil, əməldə tələb edir.

Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə nümayiş etdirirsiniz.

Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısındakı borcumu yerinə yetirməklə yanaşı, Sizə sədaqətimi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm.

Mübarizənizdə daim Sizinləyik”.

Rəsul İbrahimovdan, Şəmkir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün milli qürur hissi bütün dünyadakı azərbaycanlıları birləşdirib. Biz hamımız Sizin çağırışlarınızın, ideyalarınızın ətrafında birləşib bir amala doğru irəliləyirik.

Mənim 86 yaşım var. Yaşımın ahıl çağı olsa da, əsgərlərimiz Koroğlunun dəliləri kimi xain düşmənə zərbə endirəndə mən də onların yanında olmaq istəyirəm. Allah Sizə və əsgərlərimizə güc-qüvvət, ölkəmizə əmin-amanlıq, Qarabağımıza azadlıq qismət eləsin”.

Yaqub Həsənovdan, Quba, Azərbaycan

“Hörmətli cənab Prezident.

Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş- gəliş kəsilirdi.

Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd təsərrüfatı məhsullarını vaxtında çatdıra bilirlər.

Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub

“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub

“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub

“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub

“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar

S.Xankişiyeva

 

 

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər