Vüqar Bayramov: “Bu, Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur”
““Qarabağ” yatağının enerji blokunun dənizə salınması, Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib.
“Əvvəla bu ondan xəbər verir ki, Azərbaycan enerji ölkəsi olaraq öz mövqeyini möhkəmləndirməkdədir. Bu Azərbaycanın enerji sektoruna xarici şirkətlərin marağının yüksək olduğunu bir daha göstərir. Xüsusən qeyd etmək lazımdır ki, sözügedən qurğu azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb. Bu da Azərbaycanın özünün enerji sahəsində investisiya həyata keçirən ölkələrdən birinə çevrilməsi və öz enerji resurslarının istifadəsində xarici şirkətlərlə birlikdə əməkdaşlıq etməsi ilə yanaşı, həm də öz imkanlarından istifadə anlamına gəlir” – deyə, deputat fikilərinə əlavə edib:
“Eyni zamanda Azərbaycanın Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə reallaşan layihələr yalnız region üçün deyil, qitə üçün və bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunur. TAP Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan bir layihədir və nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin sonuncu elementi olan TAP kəmərinin inşaatı başa çatmaq üzrədir. Cənub-Qaz dəhlizi Azərbaycan mavi qazının Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edir. Artıq Türkiyə bazarına mavi qazın nəqli həyata keçirilir. Avropa bazarına da, Cənubi Avropa, eləcə də mərkəzi-şərqi Avropaya Azərbaycan mavi qazının nəqli 2020-ci ilin sonu və ya 2021-ci ildə həyata keçiriləcək. Əslində bu imkan verəcək ki, Azərbaycan əlavə olaraq Türkiyə bazarına 7milyard kubmetr və eyni zamanda Avropa bazarına birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə illik 20 milyard kubmetr mavi qaz nəql etsin. Bu da Azərbaycanın sözügedən layihədən mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə etməsinə imkan yaradır”.
Vüqar Bayramovun sözlərinə görə, enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir, dövlət gəlirlərimizin artması, eləcə də enerji gəlirlərimizin diversifikasiyası imkanlarını genişləndirir.
“ Eyni zamanda sosial və məşğulluq baxımından vacibdir. O baxımdan, son hadisə bir daha təstiq edir ki, Azərbaycan enerji ölkəsi olaraq mövcud imkanlarını genişləndirmək və hətta 90-cı illərdə artıq kəşfiyyatı yarımçıq saxlanılan yataqlarda kəşfiyyat işlərini davam etdirmək, böyük həcmdə enerji resurslarını hasil etmək imkanlarına malikdir. Bu da təbii ki, ölkənin artan qüdrətinin və iqtisadi gücünün bir daha nümayiş etdirilməsi anlamına gəlir”.
Qafar Ağayev