Rumıniyanın “News24hours” portalı Prezident İlham Əliyevin qanunun aliliyi ilə bağlı fikirlərini dərc edib
Rumıniyanın “News24hours” portalı Azərbaycan Prezidenti İlham Əliyevin koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında qanunun aliliyi ilə bağlı söylədiyi fikirləri dərc edib.
Portalın AZƏRTAC-a istinadla dərc etdiyi yazıda dövlət başçısının aşağıdakı fikirləri yer alıb: “Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir.
Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram.
Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
S.Xankişiyeva