Metyu Brayza: Ermənistanın məskunlaşdırma siyasəti münaqişənin danışıqlar yolu ilə həlli səylərinə ziddir
Ermənistanın Dağlıq Qarabağda məskunlaşdırma aparması münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi səylərinə ziddir.
1news.az bildirir ki, bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O deyib: "ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri olaraq Suriya və Livandan erməni mənşəli şəxslərin Dağlıq Qarabağa köçürülməsi məni çox məyus edir. Yerevanın bu addımı münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi səylərinə ziddir. Mən Minsk qrupunun həmsədri olduğum dövrdə Ermənistan hökumətinin bu cür addım fikri ağlasığmaz idi. Çünki bu, onların Minsk qrupunun himayəsi altında vasitəçilik yolu ilə tənzimlənməyə nail olmaqda bütün ciddiyyətlərini itirməsinin əlaməti olardı. Bu şəraitdə Minsk qrupu formatında irəliləyişi bərpa etmək çox çətin olacaq".
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
1news.az