Şair Ramaldanov: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir
Son illər Azərbaycan Ordusunda ciddi islahatlar həyata keçirilməkdədir. Maddi-texniki bazası gücləndirilən Ordumuz ən müasir silahlarla təchiz olunur, döyüş qabiliyyəti günü-gündən artır.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov da hesab edir ki, Ordumuzun artan gücü ən qısa zamanda işğal altında olan torpaqlarımızı azad etməyə imkan verir. Ş.Ramaldanov 1news.az-a müsahibəsində Ordumuzda aparılan islahatlarla yanaşı, hərbçilərimizin beynəlxalq yarışlarda qazandığı uğurlar, hərbi təlimlərin Ordumuzun döyüş qabiliyyətinin güclənməsində rolu və digər məsələlərdən danışıb.
- Son illər orduda aparılan islahatları necə qiymətləndirirsiniz?
- Orduda islahatlar davamlı olaraq keçirilir. İslahatlarsız ordu inkişaf edə bilməz. Bilirsiniz ki, zabirlərimiz və mütəxəssislərimiz hərbi əməkdaşlıq çərçivəsində mütəmadi olaraq beynəlxalq kurslarda, təlimlərdə iştirak edirlər və qazandıqları təcrübə və biliklərlə Azərbaycan Ordusunun inkişafına öz töhfələrini verirlər.
Digər tərəfdən ölkəmizdə peşəkar ordu yaradılması istiqamətində işlər görülür. Hazırda əsas hərbi mütəxəssislərimizin 80 faizi müqavilə əsasında hərbi xidmət keçmiş, müəyyən sahə üzrə ixtisaslaşmış şəxslərdir. Orduda aparılmış islahatların, görülən işlərin nəticəsdir ki, bu ün Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusu sırasında özünəməxsus yer tutur. Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı, Prezident İlham Əliyev də son çıxışlarından birində bir daha vurğuladı ki, Azərbaycan Ordusu bundan sonra da ən müasir silahlarla təmin olunacaq.
- Peşəkar hərbi kadrların hazırlanmasına kifayət qədər diqqət yetirilirmi?
- Ölkəmizdə hərbi kadr hazırlığı məsələlərinə də böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, bu gün Ordumuzda yüksək intellektə və bacarığa malik peşəkar kadrların sayı kifayət qədərdir. Həmin kadrların imkanları bizə ən müasir hərbi texnika və silahlardan istifadə etməyimizə imkan verir.
- Hərbi təlimlər ordunun döyüş qabiliyyətinin yüksəldilməsində hansı rola malikdir?
- Bildiyiniz kimi, Azərbayan Ordusu ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir. Həmin təlimlərdə 10-15, hətta 20 min hərbçi iştirak edir. Bu təlimlər bizə aparılan islahatların nəticələrini daha aydın görməyə imkan verir. Təlimlərin nəticələrini təhlil edərək isə Ordumuzun gələcək inkişafını və növbəti hədəfləri müəyyənləşdiririk.
- Hərbçilərimizin beynəlxalq yarışlarda çıxışını necə qiymətləndirirsiniz?
- Bu gün Azərbayan Ordusunu həm NATO məkanında, həm də MDB məkanında tanıyırlar. Məlum olduğu kimi, hazırda Rusiyada “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları keçirilir və həmin yarışlar çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız Rusiya, Çin və Belarus tankçıları ilə birgə finala vəsiqə qazanblar. Qazaxıstanda snayper və artilleriya mütəxəssisləri arasında keçirilən yarışlarda ilk beşlikdə ölkəmizin mütəxəssisləri də olur.
Keçən il NATO çərçivəsində Türkiyədə keçirilən və 28 ölkədən qatılan xüsusi təyinatlıların yarışında ölkəmizin xüsusi təyinatlıları birinci yeri tutublar. Keçən il “Dəniz kuboku” yarışlarında da dənizçilərimiz birinci yeri tutdular. Bu ilki yarışlarda isə rusiyalı dənizçilərlə eyni bal toplayaraq ilk yerləri bölüşdürdülər. Bütün bu beynəlxalq yarışlar bizə digər inkişaf etmiş ölkələrin silahlı qüvvələrinin fonunda Azərbaycan Ordusunun hansı hazırlıq səviyyəsində olduğunu görməyə imkan verir.
- Düşmənin cəbhə xəttində və dövlət sərhəddində təxribatlar törətməsini nə ilə əlaqələdirərdiniz?
- Düşmən ordumuzun gücünü bilir. Lakin işğalçılıq siyasətini davam etdirmək üçün zaman-zaman cəbhə bölgəsində və iki ölkənin dövlət sərhəddində təxribatlar törətməkdən də çəkinmir. Düşmənlə təmas xəttində baş verən qarşıdurmalar zamanı Ordumuzun gücünün hansı səviyyədə olduğunu bir daha görmüş olduq. Həm aprel, həm də Tovuz döyüşlərində düşmənə layiqli cavab verərək onları geri çəkilməyə məcbur etdik. Düşmənin kəşfiyyat-diversiya qruplarının təxribatçı fəaliyyətlərinin qarşısını almaqla, son belə təxribat zamanı diversiya qrupunun komandirini ələ keçirməklə döyüş hazırlığımızın yüksək olduğunu sübut etmiş olduq.
Təmas xəttində düşmənin mümkün təxribatlarının qarşısının alınması üçün hərbçilərimiz müasir avadanlıqlarla təmin olunublar. Bu da bizə əməliyyat şəraitinə nəzarət etməyimizə, düşmənin hər-hansı bir fəaliyyətini izləməyimizə imkan verir. Buna görə də düşmən heç nəyə nail olmur və bütün təxribatları iflasa uğrayır.
- Bu gün Azərbaycan Ordusunda vətənpərvərlik əhval-ruhiyyəsi hansı səviyyədədir?
- Bu gün Azərbaycan Ordusunda peşəkarlıqla bərabər, vətənpərvərlik əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Aprel döyüşləri zamanı bunu aydın şəkildə gördük. Bir nəfər də olsun döyüş yerini tərk etmədi. Əksinə, hərbçilərimiz həmin döyüşlər zamanı əsl vətənpərvərlik, şücaət nümayiş etdirdilər.
Eyni sözləri Tovuz döyüşləri haqqında da demək olar. Düşmən təxribatlarının qarşısını alan zaman rütbəsindən, vəzifəsindən asılı olmayaraq bütün hərbçilərimiz öz qanları bahasına vəzifələrini yerinə yetirdilər, düşmən təxribatının qarşısını qətiyyətlə aldılar. Bütün bunlar peşəkarlıqla yanaşı, ordumuzun şəxsi heyətinin ruh yüksəkliyinin bir nümayişi, göstərişi idi.
- Cəbhə bölgəsində mövqelərimizin möhkəmləndirilməsi istiqamətində hansı işlər görülür?
- Dağlarda və ucqar ərazilərdə yerləşən bütün hərbi postlar hər bir şəraiti olan modul tipli postlarla əvəzlənib. Yarım ilə qədər müddətə bütün lazımi avadanlıqlarla, qida ilə təmin olunan bu postlar avtonom qaydada fəaliyyət göstərə bilirlər.
Əsgərlərin sağlamlığı, immun sistemlərinin gücləndirilməsi də diqqət mərkəzindədir. Aparılan maarifləndirici, dezinfeksiya və digər tədbirlər nəticəsində əsgərlərimizi pandemiya dövründə qoruya bildik. Bu da birbaşa əsgərlərimizin keyfiyyətli qidalarla təmin edilməsi, məişət-gigiyenik şəraitlərinin yaxşılaşdırılması sayəsində mümkün oldu.
- Ölkəmizdə istehsal edilən silahların keyfiyyəti müasir standartlara cavab verirmi?
- Çox qısa zamanda Azərbaycanda hərbi sənaye çox sürətli inkişaf edib. Müharibə şəraitində olan ölkəmiz üçün bu, çox vacib bir məsələdir. Hazırda Ordumuz ölkəmizdə istehsal olunan ən müasir texniki avadanlıqlarla, hərbi məhsullarla təmin olunur. Bu gün Azərbaycanın hərbi sənayesi 1200-dən çox adda hərbi sursat istehsal edir. Bu da bizə Ordumuza lazım olan silah-sursatı öz hesabımıza təmin etməyimizə imkan verir.
- Azərbaycanın xarici ölkələrlə hərbi sahədə əməkdaşlığı hansı səviyyədədir?
- Azərbaycanın hərbi sahədə bir çox ölkələrlə əməkdaşlıq edir və bu əməkdaşlıq günü-gündən genişlənməkdədir. Bu ölkələr arasında Rusiya, Çin, Türkiyə, Belarus, İsrail kimi hərbi sənaye kompleksləri inkişaf etmiş ölkələri xüsusi qeyd etmək lazımdır.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bu da bir göstəricidir ki, həm Azərbaycan digər dövlətlərlə, həm də digər dövlətlər Azərbaycanla hərbi əməkdaşlığa böyük maraq göstərirlər.
B.Cahandarov