Fərid Şəfiyev: “Diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb”
"Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir. Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan “yeni ərazilər uğrunda yeni müharibə” şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu-Yorkda çıxışı zamanı bəyan edib".
1news.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Silahlı Qüvvələrinin törətdiyi son təxribatları şəhr edərkən deyib:
"Son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq, mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub. 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb. Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.
Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur. Ölkə başçısı İlham Əliyevin bugünki təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq".
Qafar Ağayev