“Yaşasın şanlı və qüdrətli Ordumuz! Yaşasın Azərbaycan!” – Ali Baş Komandana məktub | 1news.az | Xəbərlər
Siyasət

“Yaşasın şanlı və qüdrətli Ordumuz! Yaşasın Azərbaycan!” – Ali Baş Komandana məktub

21:31 - 01 / 10 / 2020
“Yaşasın şanlı və qüdrətli Ordumuz! Yaşasın Azərbaycan!” – Ali Baş Komandana məktub

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür. Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə vətəndaşları da dövlətimizin başçısına göndərdikləri məktublarda sevinc hisslərini bölüşürlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Özer Çakmakdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər şeydən əvvəl Sizə sonsuz hörmətimi bildirərək xain ermənilərə qarşı mübarizədəki əzminizi və qətiyyətinizi dəstəkləyir, bu işdə uğurların davamlı olmasını arzulayıram.

Damarlarımızdan eyni qanın axdığı qardaşlarımızı, eyni ruha malik Azərbaycanımızı bu günlərdə tək qoya bilmərik.

Bir ananın iki oğlu kimi, Vətəni qorumaq boynumuzun borcudur. Mənim bayrağım, millətim və Vətənim darda olsa canımı fəda etməyə hazıram”.

Amir Reza Vakhshouridən, Bakı, Azərbaycan

“Cənab Ali Baş Komandan.

İlk növbədə, bizə bu günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq. Mən Təbrizdə anadan olmuşam və Azərbaycanda yaşayıram. Mən Sizinlə qürur duyuram. Mən Azərbaycana və bütün dünya azərbaycanlıları üçün etdikləriniz üçün Sizə minnətdaram. Siz xalqınızı və ölkənizi qorumaqla bir daha həqiqi Lider olduğunuzu sübut etdiniz. Mən Azərbaycanı həqiqətən sevirəm və burada yaşamağımdan, bu ölkəyə xidmət etməkdən qürur duyuram. Mən və ailəm Azərbaycana və bu ölkənin xalqına xidmət etdiyimiz üçün çox xoşbəxtik. Həqiqi bir vətənpərvər olaraq hər zaman Azərbaycanı adını yüksəltmək məni və ailəmi qürurlandırır. Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Əbilhəsən Muradovdan, Astara, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Sizin vaxtında verdiyiniz əmr və qüdrətli Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələr bir müharibə veteranı kimi mənə: “Durma, silahlan döyüşə! Vətənin müdafiəsinə qatıl!” – deyir.

Möhtərəm Prezidentimiz, mən və mənim cəbhə yoldaşlarım canımızdan keçərək, bu müqəddəs Vətən, torpaq üçün hər an düşmənlə amansız döyüşə hazırıq. Zəfər qabaqdadır.

Biz Sizə və güclü Ordumuza inanırıq. Yaşasın şanlı və qüdrətli Ordumuz! Yaşasın Azərbaycan! Yaşasın Prezidentimiz cənab İlham Əliyev!”.

Ləman Məmmədlidən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizə bu məktubu yazmağı bir vətəndaş kimi özümə borc bilirəm. Komandanlıq etdiyiniz qüdrətli Ordumuzun göstərdiyi şücaətə, bu tarixi günləri bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildiririk. Sizin hər çıxışınız bizə daha çox ümid verir. Qəti inanırıq ki, səbrlə və əzmlə bu çətin günlərin öhdəsindən Sizinlə birlikdə gələcəyik.

Əziz Prezidentimiz, Qarabağ Azərbaycandır! Bütöv Azərbaycan naminə hər zaman yanınızdayıq.

Allah bu müqəddəs işdə Sizə yar olsun”.

Gözəl Şərifovadan, Cəlilabad, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Cəlilabad rayon Kürdlər kənd tam orta məktəbinin bütün kollektivi adından Sizə bu məktubu ünvanlayıb bildiririk ki, biz də bu tarixi günlərdə Sizinləyik. Əmin olun ki, Vətən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə biz də tam hazırıq. Torpaq uğrunda ölən varsa, Vətəndir.

Bəxtiyar Vahabzadənin ifadəsi ilə desək:

Vətəni sevirəm deyən çox olar,

Deməyə nə var ki, dil yorulmasa.

Vətən də bizim tək ölər, yox olar,

Vətənin yolunda ölən olmasa.

Vətən uğrunda ölməyə də, öldürməyə də hazırıq. Bu müqəddəs amal uğrunda Qələbə bizimlədir, biz də Sizinlə, cənab Prezident.

Yaşasın bütöv və azad Azərbaycan! Qarabağ Azərbaycandır!”

Günay Əskərovadan, Xaçmaz, Azərbaycan

“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan.

Mən hər gün Sizə və Ordumuza dua edirəm. Biz bilirik ki, Siz haqq yolundasınız. Çünki, dediyiniz kimi, Qarabağ Azərbaycandır!

Cənab Prezidentimiz, yaxşı ki, varsınız, bizim dövlət başçımızsınız. Biz Sizi çox sevirik. İnanırıq ki, Qarabağ məhz Sizin yeritdiyiniz düzgün siyasət və Vətənimizin qəhrəman övladları sayəsində tezliklə mənfur düşmənlərdən azad olunacaq. Həmin gün uzaqda deyil. Bu, mənim ən böyük arzumdur. Lazım gələrsə, bu yolda mən də canımdan keçməyə hazıram.

Allah Sizi qorusun. Vətənimiz var olsun!”

Natəvan Atamoğlanovadan, Bakı, Azərbaycan

“Müzəffər ordumuzun Ali Baş Komandanı, cənab Prezident.

Tanrım Sizi qorusun və qalib etsin. Siz qalib olduqda biz qalib olacağıq. Tanrım Sizə qələbə sevinci nəsib etsin.

Siz sevinsəniz, biz sevinəcəyik. Mən bir yazıçı, jurnalist, alim-pedaqoq, Vətən uğrunda döyüşüb, həyatını itirən qızın bacısı və Silahlı Qüvvələrimizin zabitinin anası kimi Qələbədən sonra Sizin qalib sərkərdə kimi alnınızdan öpmək arzusundayam.

Bu mənim yaşıma və boyuma uyğun olması da, Tanrı bu istəyimə "ol" desin. Azərbaycanın haqq savaşında Tanrı Sizə yardımçı olsun. Amin”.

Əhliman Mamedovdan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Ali Baş Komandan.

Sizi ailə üzvlərimlə dəstəkləyirik və “çox sağ olun” deyirik. 65 yaşım var, iki dəfə ürək əməliyyatı keçirmişəm. Ən böyük arzum Kəlbəcəri görmək olub. Ümid edirəm bu arzuya Sizin sayənizdə çatmağıma çox az vaxt qalıb.

Sizin qarşınızda Kəlbəcərdə qurban kəsmək üçün hazırlaşıram. Bu zəfər yürüşündə Ulu Tanrım Sizə və Ordumuza yar olsun”.

Dadaş Kərimovdan, Ağdam, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ordumuzun cəbhə xəttində uğurlu əməliyyatlar həyata keçirməsi bizi sevindirir. Hərbçilərimizə ruh yüksəkliyi verdiyinizə görə Sizə təşəkkür edirik. Gün o gün olsun ki, üçrəngli bayrağımız işğaldan azad olunacaq rayonlarımızda dalğalansın.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun bir neçə kəndi işğaldan azad etməsi məni sevinc göz yaşlarına qərq etdi. Gün o gün olsun ki, işğal olunmuş bütün torpaqlarımız Sizin rəhbərliyinizlə geri qaytarılsın.

Allah Sizin kölgənizi millətimizin, xalqımızın başı üzərindən əskik eləməsin.

Biz birlikdə güclüyük”.

Elmira Mansurovadan, Ağstafa, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Bu günlərdə yaşadığımız qüruru və sevinci sözlə ifadə edə bilmirəm. Sizin qətiyyətli duruşunuz, kəskin və məntiqli çıxışlarınız, ordumuzun zəfərə aparan haqlı döyüşləri, xalqımızın dövlətimizə, ordumuza dəstəyi məni bir hərbiçi və oğul anası, bir müəllim, bir vətəndaş kimi sonsuz qürurlandırır. Yenilməz ordumuzun hər bir əsgər və zabitinə Azərbaycan bayrağının Şuşada, Xankəndidə, eləcə də digər işğal olunmuş torpaqlarımızda dalğalandığını görməyi arzu edirəm”.

Əməkdar elm xadimi, iqtisadi elmləri doktoru Mirdaməd Sadıqov, Professorlar - Sakit Yaqubov, Vəkil Həsənov, Rəsul Balayev, Nizami Xudiyev, İrşad Kərimov, Mirələm Həsənli, Bakı, Azərbaycan

“Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikası öz tarixinin mürəkkəb və şərəfli bir dövrünü yaşayır. 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Beynəlxalq hüquqa məhəl qoymayan işğalçı dövlət beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərar və qətnamələrini yerinə yetirməkdən aşkar şəkildə imtina edir. Azərbaycan dövlətinin sülhpərvər siyasəti Ermənistanın cinayətkar rejimi tərəfindən qəbul edilmir. Təcavüzkar dövlət son dövrlərdə özünün işğalçı niyyətlərini daha da artıraraq Azərbaycanın yeni torpaqlarını ələ keçirmək iddiası ilə çıxış edir.

Sizin beynəlxalq səviyyədəki forumlarda Ermənistanın işğalçı niyyətlərini ifşa etməyiniz və bu istiqamətdə apardığınız uğurlu siyasətiniz böyük ümidlər yaradır. Bizdə, eləcə də bütün Azərbaycan xalqında qələbə sevinci oyadır. Xalqımız Sizin müdrik rəhbərliyinizlə erməni işğalçılarının tezliklə Azərbaycan torpaqlarından tamamilə çıxarılacağına, Azərbaycan Ordusunun zəfər çalacağına tam əmindir.

Hörmətli cənab Prezident, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün əməkdaşları Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikada həyata keçirdiyiniz bütün işləri dəstəkləyir və həmrəyliyimizi ifadə edirik”.

S.Xankişiyeva

Paylaş:
358

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər