Azərbaycan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub

16:12 - 02 / 10 / 2020
Azərbaycan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, Nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib.

O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.

Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib. Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Qafar Ağayev

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər