İlham Əliyev: Azərbaycanda təkcə türk silahları yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var
Azərbaycanda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik.
Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq.
1news.az-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev bu barədə “CNN International” televiziya kanalına müsahibəsində danışıb.
Dövlətimizin başçısı daha sonra aparıcının F-16 qırıcı təyyarələri ilə bağlı sualını cavablandıraraq deyib: “F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər”.
Hərbi əməliyyatlarda F-16 təyyarələrinin istifadə olunmamasını birmənalı şəkildə təsdiqləyən Azərbaycan Prezidenti müsahibəsində bununla bağlı bir erməni feyk xəbərindən də danışıb. “Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
S.Xankişiyeva