Azərbaycanda insanlar niyə daha gec ailə qururlar? – Psixoloq və sosioloq səbəbləri açıqladı

Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, Azərbaycanda orta nikah yaşı artıb.
Belə ki, 2000-ci ildə kişilərin nikaha daxilolma yaşı orta hesabla 27,3, qadınların isə 23,1 olub.
2025-ci ildə isə bu göstərici kişilər üzrə 28,7-yə, qadınlar üzrə 24,1-ə yüksəlib.
Beləliklə, 25 il ərzində kişilərin orta nikah yaşı 1,4 il, qadınların isə 1 il artıb.
Bəs gənclər niyə daha gec ailə qururlar? Bunun arxasında maddi, yoxsa mənəvi səbəblər dayanır?
Məsələ ilə bağlı 1news.az-a danışan psixoloq Samirə Bağırova deyib ki, insanların ailə ilə bağlı gözləntiləri dəyişyib.
“Əslində, nikah yaşının artması öz-özlüyündə nə psixoloji inkişafın göstəricisidir, nə də ailə institutunun zəifləməsinin sübutudur. İnsanlar niyə ailə qurmaq qərarını daha gec verirlər? Çünki insanlar artıq yalnız ailə qurmağı deyil, ailəni necə dolandıracaqlarını, harada yaşayacaqlarını və gələcəkdə hansı həyat şəraitini təmin edə biləcəklərini düşünürlər. Mənzil problemini və bir çox insanın sabit gəlirinin olmamasını da nəzərə almaq lazımdır. Daimi maddi gərginlik altında yaşamaq qorxusu insanları məsuliyyət götürməkdən çəkindirir.
İkinci səbəb fərdi kimliyin formalaşmasının ön plana çıxmasıdır. Əvvəlki nəsillərlə müqayisədə müasir insanlar ailə qurmadan əvvəl özlərini tanımağa, peşə seçməyə, fərdi sərhədlərini müəyyənləşdirməyə və müstəqil həyat qurmağa daha çox əhəmiyyət verirlər.
Üçüncü səbəb isə münasibətlərlə bağlı gözləntilərin xeyli dəyişməsidir. Emosional yaxınlığa, qarşılıqlı hörmətə, intellektual uyğunluğa, şəxsi azadlığa və psixoloji təhlükəsizliyə daha çox önəm verilir. Bundan başqa, uğursuz münasibətlərdən qorunmaq istəyi və sosial normaların dəyişməsi kimi amillər də var”.
Samirə Bağırova həmçinin insanların 40 yaşdan sonra evlənməsinin daha məqsədəuyğun hesab olunduğunu bildirib:
“Nikah yaşının artması ailə institutuna təsir edirmi? Müsbət tərəfi odur ki, insanlar özlərini və tərəfdaşlarını daha yaxşı tanıdıqdan sonra ailə qurmağa qərar verə bilərlər. Bunun hər hansı risk yaradan tərəfi yoxdur. İlk uşağın dünyaya gəlməsinin gecikməsini nəzərə alsaq, bu, demoqrafik təsir baxımından əhəmiyyətli məsələdir.
Bu məsələ ilə bağlı bəzi tədqiqatlar göstərir ki, daha gec yaşda valideyn olan insanların uşaqları müəyyən intellektual göstəricilər üzrə daha yaxşı nəticələr əldə edə bilirlər. Bunun səbəblərindən biri valideynlərin zamanla daha çox həyat təcrübəsi qazanması, özlərini inkişaf etdirməsi və uşağın tərbiyəsinə daha şüurlu yanaşması ola bilər. İnsan əvvəlcə özünü yetişdirir, sonra isə qazandığı bilik, təcrübə və dünyagörüşü ilə uşağının inkişafına töhfə verir.
Nikah yaşının azalması daha yaxşı nəticə verərmi? Mütləq deyil. İnsanların təzyiq altında deyil, şüurlu seçim, qarşılıqlı razılıq və məsuliyyət əsasında ailə qura bilmələri üçün şərait yaratmaq vacibdir. İtalyanların belə bir deyimi var: “İnsan 40 yaşına qədər hələ böyüyür”.
Təbii ki, burada yaşdan daha çox, insanın mənəvi baxımdan yetkinləşməsi nəzərdə tutulur. Subyektiv fikrimə görə, insanlar 40 yaşdan sonra evlənsələr, daha xoşbəxt olar və cəmiyyətə daha intellektual nəsil qazandırarlar”.
Məsələ ilə bağlı suallarımızı sosioloq Hüseyn İbrahimova da ünvanladıq.
Sosioloq açıqlamasında ailə qurmağın kifayət qədər ciddi proses olduğunu bildirib və gec evlənmə tendensiyasını müsbət hal kimi qiymətləndirməyin mümkünlüyünü qeyd edib:
“Son zamanlar müşahidə olunur ki, doğum hallarının azalması ilə yanaşı, nikaha daxil olan şəxslərin, xüsusilə də kişilərin yaş həddində artım qeydə alınır. Qadınlar arasında da nikaha daxilolma yaşının yüksəlməsi istiqamətində müəyyən dinamika müşahidə olunur. Təbii ki, bu tendensiyanı müəyyən mənada müsbət hal kimi qiymətləndirmək olar.
Çünki ailə qurmaq kifayət qədər ciddi məsələdir. Ailə quran şəxslərin yetkinlik yaşına çatması, ailə həyatı ilə bağlı öz təsəvvürlərini formalaşdırması, məsuliyyətlərini dərk etməsi və müstəqil qərarlar qəbul etmək üçün sosial baxımdan yetkinləşməsi vacibdir. Bunlar məsələnin bir tərəfidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanda erkən yaşda evlənmək və gənclərin ailə qurmasına tələsmək uzun müddət geniş yayılmış ənənələrdən biri olub. Bu isə bəzi hallarda ailə institutunun valideynlər tərəfindən idarə olunması kimi tendensiyaların yaranmasına səbəb olub. Nəticədə, qayınananın gəlinin şəxsi həyatına və ya oğlunun ailə münasibətlərinə müdaxilə etməsi kimi hallar ortaya çıxıb”.
Hüseyn İbrahimov həmçinin qeyd edib ki, əvvəllər ailə qurmaq qərarı bir çox hallarda valideynlərin istək və tələbləri əsasında verilirdisə, hazırda gənclərin şəxsi istək və qənaətlərinə daha çox üstünlük verilməsi müşahidə olunur:
“Mövcud şəraitdə nikaha daxilolma yaşının yüksəlməsi tendensiyasının müsbət tərəflərinin olduğunu düşünmək olar. Bununla belə, demoqrafik baxımdan bu hal müəyyən dərəcədə doğum səviyyəsinin azalmasına da təsir göstərə bilər. Lakin hesab etmək olar ki, nikaha daxilolma yaşının yüksəlməsinin demoqrafik proseslərə təsiri nisbətən məhdud ola bilər.
Ən vacib məqamlardan biri gənclərin yetkinlik səviyyəsinin yüksəlməsi ilə onların ailə qurmaq barədə qərarvermə prosesində rolunun artmasıdır. Başqa sözlə, əgər əvvəllər ailə qurmaq qərarı bir çox hallarda valideynlərin istək və tələbləri əsasında verilirdisə, hazırda gənclərin şəxsi istək və qənaətlərinə daha çox üstünlük verilməsi müşahidə olunur.
Bu tendensiyanın gələcəkdə ailə münasibətlərinə və boşanma hallarına da təsir göstərə biləcəyini düşünmək olar. Belə ki, ailə qurmaq qərarının daha şüurlu şəkildə verilməsi, gənclərin ailə məsuliyyətini daha dərindən dərk etməsi və müstəqil qərar qəbul etmək imkanlarının artması ailə münasibətlərinin möhkəmlənməsinə, nəticə etibarilə isə boşanma hallarının azalmasına müsbət təsir göstərə bilər”.








