Azərbaycan Prezidenti erməni xalqına müraciət edib: “Qoymayın uşaqlarınızı!”
“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir”.
1news.az-ın məlumatına görə, bunu Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.
Dövlət başçısı bildirib ki, artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün: “Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Prezident İlham Əliyev qeyd edib ki, biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya: “Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”
1news.az