“Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq” – Prezidentə məktub
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır.
Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Norveçin Oslo şəhərində yaşayan Şervin Nəcəfpur və Atabəy Nəcəfpur yazırlar: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir. Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq. Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik. Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun”.
Bakı şəhər sakini Əlikram Qəniyev: “Hörmətli Prezidentim, mən Sizin apardığınız daxili və xarici siyasətlə həmişə fəxr etmişəm. Bu gün də mənfur düşmənlərə verdiyiniz dərs bu sətirləri yazmağıma səbəb oldu. Mən və tabeliyimdə olan "İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması" İctimai Birliyinin Sabunçu rayon mərkəzinin kollektivi Sizi bu uğurlar və qələbə münasibətilə təbrik edirik. Sizə, xalqımıza, millətimizə Allahdan cansağlığı arzulayıram. Hər an Sizin əmrinizlə düşmənlə döyüşməyə hazırıq, cənab Ali Baş Komandan. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Qazax sakini Məmməd Omarov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, şairlər, tarixi şəxsiyyətlər və hərbçilər Vətəni Qazax elinin ürəyində Sizin xüsusi yeriniz var. Siz Vaqifin, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Səməd Vurğunun ruhunu şad etdiniz. XXI əsrin birinci yarısında dünya prezidentləri sırasında Allahın say-seçmə bəndəsi kimi tarixə düşdünüz. Həsrətlə gözü yollarda qalan Qarabağ torpağını amansız, hiyləgər, faşist ermənilərin işğalından birdəfəlik azad etməyə yol tapdınız, müzəffər Ordumuzu qələbələrə ruhlandırdınız. Bu haqq yolunda Sizə və əsgərlərimizə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi və Ordumuzu qorusun!”.
Ağdaş rayon sakini Taleh Yunusov: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Mən Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!”.
Füzuli sakini Ceyhun Məmmədov: “Hörmətli cənab Prezident, faşist erməni dövlətinin qədim Gəncə şəhərinə növbəti hücumu bizi sarsıda bilməz. Bütün canımız, malımız, övladımız bu Vətənə qurban olsun. Əzəli torpağımız olan Qarabağın azad olunması üçün düzgün hərbi və siyasi mübarizənizi bundan sonra da həyata keçirəcəyinizə inanır və bu ədalətli mübarizədə Sizin arxanızda polad yumruq kimi dayandığımızı bildiririk. Tanrı Sizi və əsgərlərimizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Paytaxt sakini Roman Kazımov: “Hörmətli cənab Prezidentimiz, biz Sizi çox sevirik. Sizinlə fəxr edirəm. Bütün uşaqlar Sizi çox sevir. Mənim nənəm Qərbi Azərbaycandan qaçqındır. Siz düşmənləri “iti qovan kimi” qovduqca biz sevinirik. Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq. Mən də böyüyəndə cəsur əsgər olacağam”.
Astara rayon sakini Ağamirzə Əkbərov: “Möhtərəm cənab Prezident, bu günlərdə bizə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza minnətdarıq. Cənab Prezident, Azərbaycanda hamı Sizin ətrafınızda sıx birləşib. Bu gün milli həmrəylikdən kənarda qalanı nə xalq, nə də tarix bağışlamayacaq. Astaranın bütün sakinləri adından bir nəfər kimi Sizi dəstəklədiyimizi, əmrlərinizə hazır olduğumuzu bildirirəm”.
Gəncə şəhər sakini Gülşən Məmmədzadə: “Möhtərəm cənab Prezident, Sizin qətiyyətiniz və şücaətiniz bizi həm fərəhləndirir, həm qürurlandırır. Hər bir sadə azərbaycanlı qazandığınız bütün uğurlara sevinir, Sizinlə fəxr edir. Biz kəlbəcərlilər inanırıq ki, tez bir zamanda Kəlbəcərlə bağlı şad xəbər verəcəksiniz. Buna əminik və böyük ümidlə o dəqiqələri gözləyirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Şəhidlərimizə ulu tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Xalqımız Sizin uğurları gözləyir. Təşəkkür edirik. Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Ramiq Qurbanov: “Hörmətli AIi Baş Komandan, bildirirəm ki, mən Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlıları qrupunda xidmət etmişəm. Ancaq həyat elə gətirdi ki, öz səhvim ucbatından həbs olundum. Əziz Prezidentimiz, Sizdən xahiş edirəm ki, mənə bir şans verəsiniz və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək uçun yenidən Azərbaycan Ordusunda Vətənə xidmət etməyimə şərait yaradasınız. Cənab Prezident, söz verirəm ki, Vətənimizin hər qarış torpağı uğrunda son nəfəsimədək döyüşməyə hazıram. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Ofeliya Sənani yazır: “Möhtərəm cənab Prezident, mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm. Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm. Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz. Ulu Tanrı Sizi qorusun!”.
Şəmkir sakini Fərid Tağıyev: “Hörmətli Prezidentimiz, ordumuzun əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl şəhərlərinin və bir çox kəndlərimizin işğaldan azad olunması münasibətilə Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Nə xoş Azərbaycan xalqına ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Mənim 16 yaşım var, “Keşlə” futbol komandasında oynayıram. Hər bir Azərbaycan vətəndaşı kimi mən və komanda yoldaşlarım döyüşlərdə igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazırıq. Uca Allah Sizi və əsgərlərimizi qorusun. Qəlbi Vətən sevgisi ilə çırpınan bir vətəndaş olaraq böyük qürurla deyirəm ki, Qarabağ Azərbaycanındır!”.
Astara sakini Zabit Rzayevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə qarşı uğurlu əməliyyatı nəticəsində qazanılan zəfərlərə görə Sizə öz adımdan və həmkəndlilərim adından dərin təşəkkürümüzü bildiririk. Sizə və bütün əsgərlərimizə bu haqq-ədalət savaşında yeni-yeni nailiyyətlər arzu edirik. Bir daha əmin olduq ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Allaha əmanət olun, bizlər həmişə Sizinləyik. Allah Ordumuzu və Sizi qorusun!”.
Bakı sakini Teymur Babaşov: “Əziz və hörmətli Prezidentimiz, öncə Sizə dərin minnətdarlığımı bildirirəm və Ulu Tanrıdan möhkəm cansağlığı və uzun ömür arzulayıram. Qeyd etmək istəyirəm ki, Sizə ünvanladığım müraciətə əsasən, Sizin tapşırığınızla problemin həllində mənə kömək olundu. Biz hüquqi dövlətdə yaşayırıq və bizim gözəl qanunlarımız var. Cənab Prezident, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq və biz zəfər çalacağıq. Qələbə bizimdir. Bir vətəndaş olaraq, mənə verilən dəstəyə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm”.
Bakı sakini Roman Vasilyev: “Hörmətli cənab Prezident, mən milliyyətcə rusam. Bakıda anadan olmuşam, 46 yaşım var. Azərbaycanı qəlbən sevirəm. İnsanlarla ünsiyyətdə olarkən Azərbaycan dilində danışmağa üstünlük verirəm. Hesab edirəm ki, bu Vətəni qorumaq, torpaqlarımız uğrunda vuruşmaq mənim də bir vətəndaşlıq borcumdur. Ona görə də könüllü olaraq cəbhəyə yollanmaq arzusu ilə yaşayıram. Əgər mənə ehtiyac olarsa, hər zaman hazıram. Cənab Prezident, mən hər zaman azərbaycanlılardan xoş rəftar, isti münasibət görmüşəm. Ölkəmizdə müşahidə olunan tolerantlığın dünyada bənzəri yoxdur. Bu, Sizin və rəhmətlik atanız, ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Hər zaman Sizi dəstəkləyirəm və əmrinizlə Vətən uğrunda döyüşə hazıram”.
İsmayıllı sakini Mehran Nurməmmədli: “Möhtərəm cənab Prezident, əminəm ki, bu gün torpaqlarımız uğrunda şəhid olan bütün övladlarımızın ruhu şaddır. Qarabağ qazilərimiz çox xoşbəxtdir. Çünki onların qanı yerdə qalmadı. Bu gün elə şəhid ailələri də sevinc yaşayırlar, uğrunda övladlarının şəhid olduğu torpaqlar Sizin və qüdrətli Ordumuzun sayəsində düşmən tapdağından azad olunur. Bu böyük sevinci xalqımıza bəxş etdiyiniz üçün Sizə və Ordumuza dərin minnətdarlığımı bildirirəm və bildirmək istəyirəm ki, bundan sonrakı qərarlarınızda da biz hər zaman Sizi dəstəkləyirik”.
S.Xankişiyeva