İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün ən yüksək səviyyədədir
"Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir".
1news.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirib.
Prezident qeyd edib ki, Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır: "Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcək".
1news.az