“Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər” - Prezident
“Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozub, o cümlədən Gəncəni ballistik raketlərlə bombalayıb, ondan sonra Bərdə şəhərini bombalayıb: “Çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır.
Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik”.
Qafar Ağayev