Prezidentə yazırlar: “Dilbər guşəmiz olan Şuşada qələbə paradının keçirilməsini arzulayırıq”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Həmin məktublardan bəzilərini təqdim edirik:
Gürbüz Turğaydan, İstanbul, Türkiyə
“Hörmətli cənab Prezident.
Mənim 68 yaşım var. Hələ keçən əsrin 70-ci illərində tələbə olarkən türk dünyasında baş verənlərlə maraqlanır, çətinlikdə olan qardaşlarımız üçün ürəyimdə dualar edirdim.
Həmin illər ən çox dinlədiyim Zeynəb Xanlarovanın mahnıları idi. Həmin musiqiləri dinləyərək Azərbaycandakı qardaşlarımı düşünürdüm.
Bu illər ərzində həkimlik oxudum, baş həkim dərəcəsinə qədər yüksəldim. Həmişə Azərbaycan bayrağını Türkiyə bayrağı ilə yanaşı asdım. İllər bu həsrətlə keçirdi.
Nəhayət, müjdəli xəbərlər aldıq. Azərbaycan müstəqillik qazandı. Azadlığa yeni qovuşmuş qardaş ölkəmizin həmin illər maddi, iqtisadi sıxıntıları var idi. İşlədiyim xəstəxanada ilk ianəni verməklə yardım kampaniyasına başladım. Topladığım pulları o vaxt Ankarada işləyən azərbaycanlı tanışımla qardaş ölkəyə göndərdim. Bu fəaliyyətimlə qürur duyurdum. Əminəm ki, gələcəkdə də övladlarım bununla qürur duyacaq.
Şükürlər olsun ki, Allah indi yaşadığımız bu günləri də mənə qismət etdi. Hər gün verdiyiniz yeni-yeni müjdələri həyəcanla izləyirəm.
Hörmətli və əziz Prezidentim,
Övladlarıma da daim bəhs etdiyim çətin günlər, şükür olsun ki, arxada qaldı. Artıq ölkənizin heç nəyə ehtiyacı yoxdur, güclüsünüz, zirvədəsiniz.
Tanklarınızdan atılan mərmiləri böyük qürurla və sevinclə izləyirəm, çünki onlar ürəyimdə illərlə yaşayan kini, nisgili, ağrı-acını silib aparır.
Ürəyim daim Sizinlə, azərbaycanlı qardaşlarımladır. Sizdən eşidəcəyim Qələbə xəbəri mənimlə yanaşı, illərlə ürəyində həsrət gəzdirən insanların nisgilinə də son qoyacaq.
Dualarımız Sizinlədir. Allah yardımçınız olsun”.
Alperen Gökbulutdan, Antalya, Türkiyə
“Hörmətli cənab Prezident İlham Əliyev,
Mənim 13 yaşım var. Böyüyəndə əsgər olmaq istəyirəm. Zatən hər bir türk artıq doğulandan əsgərdir.
Ermənistanın torpaqlarınızı işğal etməsi barədə məlumatım var. Bütün türk xalqı, həmçinin mən bu savaşda hər zaman yanınızdayıq.
Mən “PlayStation” almaq üçün topladığım 40 lirəni böyük məmnuniyyətlə Azərbaycan əsgərlərinin fonduna göndərirəm. Könlüm Ordunuzun əsgərləri üçün daha böyük işlər görmək istəyir, lakin hələlik əlimdən gələn budur.
Tək istədiyim Qarabağın işğaldan azad olunması və onun hər guşəsində Azərbaycan bayrağının dalğalanması, Mübariz İbrahimovun ruhunun şad olmasıdır”.
Araz Əzimlidən, Təbriz, İran
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Siz hamımızın fəxrimiz, qürurumuzsunuz. Mən Təbriz şəhərindənəm. İranda yaşayan azərbaycanlılar Sizin qələbə xəbərləri verən çıxışlarınızı səbirsizliklə gözləyir, həyəcanla izləyirik.
Xarici müxbirlərin suallarına verdiyiniz dolğun cavablar bizi şərəfləndirir, qürur verir. Çox sağ olun ki, varsınız.
Allah yardımçınız olsun. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Yaşasın Prezidentimiz! Yaşasın Ordumuz!
İnşallah, tezliklə Xankəndi, Şuşa ilə bağlı qələbə xəbərləri bizləri sevindirər. Amin, İnşallah!”
Mesut Baltorpakdan, Ankara, Türkiyə
“Hörmətli cənab Prezident.
Qardaş ölkəmiz Azərbaycana Türkiyədən və türk xalqı adından sonsuz dəstəyimizi bildirərək Sizləri dualarımızla salamlayırıq. Böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Acınız acımız, zəfəriniz zəfərimizdir.
Mən və mənim kimi bir çox qardaşlarınız sizlərlə eyni cəbhədə düşmənə qarşı birlikdə vuruşmağa can atırıq, lazım gələrsə əsgəriniz kimi ikinci Vətən bildiyimiz Azərbaycanın müzəffər Ordusunda xidmət etməyə hazırıq.
Allah yar və yardımçınız olsun!”
Amil Qafaridən, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Cəzaçəkmə müəssisəsindən yazaraq bildirmək istəyirəm ki, 2009-2015-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında kiçik rəis heyətində polis serjantı rütbəsində qulluq etmişəm. İdmanın boks növü ilə məşğul olmuşam.
Müzəffər Ali Baş Komandan, Sizin Fərmanınızla ölkədə qismən səfərbərlik elan edilmişdir. Başqa vətənpərvər gənclər kimi mən də silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda ümumi düşmənə qarşı vuruşmaq, son damla qanımadək canımdan keçmək, şəhidlik zirvəsinə yüksəlmək istəyirəm. Sağ qalacağım təqdirdə, mənə təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin Böyük Qələbəmizdən sonra çəkməyə hazıram.
Sizin etimadınızı doğruldacağıma, hərbi anda sadiq qalaraq bütün gücümü və bacarığımı Vətən naminə sərf edəcəyimə söz verirəm.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Cəfər Həsənovdan, Qazax, Azərbaycan
“Hörmətli cənab Prezident,
Mənim hal-hazırda sevincimin həddi-hüdudu yoxdur. Sizi və Azərbaycan xalqını, rəşadətli Ordumuzu qələbələr münasibəti ilə təbrik edirəm. Sizin daxili və xarici siyasətiniz və Azərbaycan xalqının iradəsi sayəsində mənfur düşmən tapdağı altında inildəyən torpaqlarımız işğaldan azad olunur. Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu şanlı tarix yazır. Sayənizdə bizim olan, bizə qayıdır.
Cənab Prezidentim, dilbər guşəmiz olan Şuşada qələbə paradının keçirilməsini və özümün də həmin paradda iştirak etməyimi arzulayıram.
Yaşasın Azərbaycan Prezidenti, yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan Ordusu.
Qarabağ Azərbaycandır!”
Marat Amanovdan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Vətənimiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq bu şanlı günlərdə, bütün Xalqımız kimi məni də Sizin qətiyyətiniz səmimi qəlbdən sevindirir, ruhlandırır və fərəhləndirir. Bütün dünya Sizin uzaq görən siyasətçi, möhtəşəm diplomat, qətiyyətli Dövlət Başçısı olduğunuzu bir daha gördü. Qələbələriniz daim olsun! Şübhəsiz ki, çox yaxın zamanda Sizin və Ordumuzun qətiyyəti sayəsində bütün Qarabağ torpaqları işğaldan azad ediləcək. Allah Azərbaycanı qorusun! Eşq olsun şanlı və Müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!
Cavad Şahbazlıdan, Samux, Azərbaycan
Hörmətli Prezident cənab İlham Əliyev,
Sizinlə fəxr edirəm. Arzu edirəm ki, müharibəni tezliklə qələbə ilə başa vuraq. Bayrağımız Şuşada, Xankəndidə dalğalansın. Biz uşaqlar bir də müharibə görməyək.
Əziz Prezidentimiz, Siz bir tarix yazdınız. Bu tarix gələcəkdə dərsliklərə salınacaq, məktəblilər tərəfindən çox böyük maraqla oxunacaq. Biz uşaqlar, həmçinin də mən Sizi çox sevirik.
Qarabağ Azərbaycandır!”
Sənan Cəfərovdan, Mingəçevir, Azərbaycan
“Hörmətli cənab Prezident,
Azərbaycanın bir vətəndaşı kimi, mən də döyüş bölgəsinə getmək üçün könüllü yazılmışam. Qarabağımızın azadlığı uğrunda əsgərlərimizlə çiyin-çiyinə döyüşmək istəyirəm. Hər zaman Sizin və qüdrətli Azərbaycan Ordusunun yanındayam. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Prezidentimiz var. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Amin!
Yaşasın Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Qarabağ Azərbaycandır!”
Şahin Sadıqovdan, Saatlı, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibənin ilk günündən bütün hadisələrin gedişini qürur hissi ilə izləyir və bir vətəndaş olaraq Sizinlə fəxr edirəm. Mən və övladım hər zaman Sizin əmrinizdəyik. Sizin televiziyadakı çıxışlarınızı izlədikcə bütün ailəmiz fərəh hissi keçirir, Prezidentimizlə qürur duyuruq.
Cənab Ali Baş Komandan, bilin ki, xalqımız, millətimiz Sizi çox sevir. Biz hər zaman Sizin müsəlləh əsgərlərinizik.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!”
Oksana Pşeniçnayadan, Bakı, Azərbaycan
“Çox hörmətli Prezidentimiz İlham Əliyev.
Sizə dərin hörmət və minnətdarlıq hissi ilə bu məktubu yazan Mingəçevir şəhərində doğulub boya-başa çatmış Oksana Pşeniçnayadır.
Əzəli Qarabağ torpaqlarımızı təcavüzkarlardan azad etdiyinizə görə Sizin və rəşadətli Ordumuzun qarşısında baş əyirəm. Eyni zamanda mənim sevimli və doğma şəhərim Mingəçevirin ayıq-sayıq qorunmasına görə Sizə minnətdaram.
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!”
İlkin Məmmədovdan, Gəncə, Azərbaycan
“Salam cənab Prezident.
Ordumuzun uğurlu əməliyyatları nəticəsində azad edilmiş torpaqların şad xəbərini hər gün televiziya kanallarından eşidirəm və çox sevinirəm. Bu məktubu yazmağıma səbəb Sizə olan minnətdarlığımı bildirməkdir. Bu çətin günlərdə Siz bizim, bütün Azərbaycan xalqının arxasında dağ kimi durduğunuz kimi, biz də bütün Azərbaycan xalqı ilə Sizin arxanızdayıq.
Mən Gəncə şəhərində anadan olmuşam və burada yaşayıram. Xalqımızın bu çətin imtahandan üzüağ çıxması üçün hər gün Allaha dua edirəm. Bir yandan koronavirusa qarşı mübarizə, bir yandan da əsgərlərimizin otuz ilin həsrətini bitirmək üçün cəbhədə mübarizə aparması ağır bir imtahandır. Amma hər kəs bilir ki, bu imtahandan başımız dik, üzümüz ağ çıxacağıq. Bu məktubu yazmağı özümə borc bildim”.
Rahil Dadaşovdan, Neftçala, Azərbaycan
“Hörmətli cənab Prezident,
Biz Sizin komandanlığınızla Azərbaycan Ordusunun qələbələrinə sevinir və alqışlayırıq. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu erməni faşistlərini Qarabağdan, Azərbaycan torpaqlarından qovacaqdır. Xain erməni işğalçılarının bu torpaqlarda yaşamağa haqqı yoxdur. Qarabağ tarixi Azərbaycan torpağıdır.
Bu çətin və məsuliyyətli işinizdə Sizə və Ordumuzun igid əsgərlərinə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm. Bütün xalqımız Sizinlə qürur duyur və arxanızdadır.
Yaşasın qəhrəman Azərbaycan Ordusu!
Yaşasın qəhrəman Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan!”
Murad Yordanidzedən, Sabirabad, Azərbaycan
“Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Bir axıska türkü olaraq Sizi və Müzəffər Ordumuzu Ermənistan silahlı qüvvələri ilə aparılan haqlı mübarizədə dəstəkləyirik. Düşmənləri iti qovan kimi qovur, erməni hökumətinin rəhbəri Paşinyana dərsini veririk. Tezliklə tam qələbə çalacağımıza inanıram.
Allah Sizi və Birinci vitse-prezident Mehriban xanımı başımızın üzərindən əskik etməsin. Sizlərə cansağlığı, əsgərlərimizə güc-qüvvət arzulayıram.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Qəhrəman Şirinovdan, Füzuli, Azərbaycan
“Çox hörmətli əziz Prezidentimiz.
Mən Sizinlə fəxr edirəm ona görə ki, Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Siz Azərbaycan xalqının ürəyində, qəlbində əbədi yer qazanmısınız. Uca Allah Sizi, xalqımızı, Ordumuzu qorusun!
Ötən il məktubla Sizi ad günü münasibətilə təbrik edərkən bu şüarları demişdim: “Vətən uğrunda, İlham Əliyev uğrunda irəli!”. 2020-ci ilin sentyabr ayının 27-dən bu şüarla, Qələbə əzmi ilə irəli gedirik. İnşallah, tez bir zamanda möhtərəm Prezidentimizin başçılığı ilə Qələbə qazanacağıq və böyük Qələbədən sonra Azərbaycanın tarixi yenidən Sizin adınızla qızıl hərflərlə yazılacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Eldar Rüstəmovdan, Ağdam, Azərbaycan
“Hörmətli cənab Prezident.
Siz xalqını sevən bir sərkərdə kimi Azərbaycan tarixində misli görünməmiş qələbələrə imza atdınız. Ağdam rayon sakinləri Sizinlə fəxr edir və daim dövlətimizin başında durmağınızı arzulayır. Bəzən ölkəmizin içəridən dağıldığı və məğlubiyyətə uğradılaraq torpaqlarımızın işğala məruz qoyulduğu vaxtlardan fərqli olaraq indi yumruq kimi sıx birləşmişik və Sizin müdrik siyasətinizlə dövlətimizi inkişaf etdiririk. Xalqımız buna görə Sizə minnətdarlıq edir. Təyin etdiyiniz kadrlar da layiqli hərəkətləri ilə əhalinin rəğbətini qazanır. Rayondakı nümayəndələriniz əhali ilə eyni vaxtda yatıb, eyni vaxtda durur, orduya hər bir köməklik göstərir və bütün tapşırıqlarınızı yerinə yetirirlər.
Cənab Prezident, Sizin gələcəkdə görüləsi hələ çox işiniz var. Azərbaycan xalqı daim Sizə və ulu öndərimiz Heydər Əliyevə minnətdar olacaq.
Sizə uzun ömür və cansağlığı arzulayıram!
Qarabağ Azərbaycandır!”
Əjdər Abdullayevdən, Xocavənd, Azərbaycan
“Hörmətli cənab Prezident.
Əvvəla Sizi qazandığımız uğurlara görə təbrik edirəm. Sizə və bütün əsgərlərimizə bu şərəfli işinizdə cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Mənim iki oğlum hazırda cəbhə bölgəsində xidmət edir. Allah bütün əsgərlərin, o cümlədən övladlarımın yardımçısı olsun!
Ata-baba yurdum erməni işğalından azad edildiyi üçün sevincimin həddi-hüdudu yoxdur. Buna görə Sizə minnətdaram, cənab Prezident. Hər zaman Sizə və Ordumuza dəstək olmağa hazırıq. İnşallah, tezliklə qalib gələcəyimizə bütün qəlbimizlə inanırıq.
Allah Sizi və Ordumuzu qorusun!”
1news.az