“Bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun, bu, bizim məsələmizdir” - Prezident
Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır.
1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Lakin Ermənistan bunun üçün hər şeyi etdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir".
1news.az