Kəlbəcərdə ətraf mühitə vurulan zərərin, ekoloji terrorun qarşısı alınmalıdır – Prezidentin köməkçisi
Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır. BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib:
“Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır. Ona görə orada olan hər hansı bir mülkiyyətin heç bir hüquqi qüvvəsi yoxdur”.
Prezidentin köməkçisi qeyd edib ki, ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır:
“Bu, xarici medianın görüntülərində də öz əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərin, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə inşa edilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir”.
S.Xankişiyeva