Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb
Cari ilin 4 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etdi.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə etdi.
Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı davam etmiş 44 günlük Vətən Müharibəsi haqqında qarşı tərəfə ətraflı məlumat verdi.
Səfir Gennadi Axramoviç iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluq bildirərək, hətta COVİD-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğuladı. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd etdi.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Qafar Ağayev