Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi

13:10 - 12 / 12 / 2020
Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.

Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi

keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini,

milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Heydər Əliyev

Ümummilli lider

Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur.

AZƏRTAC-a istinadən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi” məqaləsini təqdim edirik.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin XX əsrin sonunda başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

Yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ümummilli Lider məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı. Onu da qeyd etmək lazımdır ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə, həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Məhz ümummilli lider Heydər Əliyev diqqəti sayəsində həmin dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi.

Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir.

Bu baxımdan, 1990-cı illərdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır və bu ideologiya bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.

Bu baxımdan, milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Yalnız, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və məhz Ümummilli Lider ilk dəfə olaraq, xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir.

Diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan, Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayı keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır.

2002-ci il iyulun 5-də isə ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz Ümummilli Liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi. Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: “...Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır”. Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir. Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdır.

Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, Komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sistemində uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliğ etmək, geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspora təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdi. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.

Qeyd etmək vacibdir ki, son illərdə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunmuşdur. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə vahid platformadan çıxış etməsi hər iki dövlətin hər zaman bir-birinin yanında olmasının bariz nümunəsidir. Xüsusilə, biz bunu Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahidi olduq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.

Nəticədə, rəşadətli Azərbaycan Ordusu 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və Xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirmişdirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyevin erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində fəaliyyəti informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, Azərbaycan diasporunun ziyalıları və ən əsası isə qəlbi daima Vətənlə döyünən soydaşlarımızı informasiya müharibəsi istiqamətində düşmən üzərində əldə etdiyimiz qələbənin qazanılmasında daha da ruhlandırdı və azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar.

Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən 12 Koordinasiya Şurası tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyanda tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsi ilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülmüşdür.

Bununla yanaşı, Azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasətə mühüm töhfədir. Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır.

Nəticədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun hərb meydanındakı uğurları, həm diplomatiya, həm də informasiya məkanında Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Bu gün ideoloji dəyərləri, Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Bununla yanaşı, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

1news.az

Paylaş:
668

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər