Rusiyanın “sülhməramlı” missiyasının əsas məramı nədən ibarətdir? - TƏHLİL
Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir. Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.
Qeyd edək ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Yəqin Rusiya sülhməramlıları da bundan xəbərsiz deyillər. Buna görə də onlar fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar.
Xəbər verildiyi kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yenidən erməni yaraqlıları tərəfindən təxribatçı hallar təkrarlanarsa, Azərbaycan tərəfinin adekvat addımlar atacağı heç kimdə şübhə doğurmamalıdır. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda ona düzəliş edilməsinə ehtiyac var.
Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.
Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.
Görünür Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir. İstisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar.
Rusiyada müəyyən qüvvələr ölkəmizin haqlı mövqeyini nəzərə alaraq Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər.
Digər tərəfdən Qarabağda baş verən və gələcəkdə baş verəcək təxribatlara görə Rusiya sülhməramlıları da məsuliyyət daşıyırlar. Belə ki, onların erməni yaraqlılarının qanunsuz fəaliyyətinə, təxribatlarına göz yumması, üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirə bilməmələri erməniləri yeni təxribatlara əl atmasına sövq etməklə yanaşı, tərəflər arasında yenidən gərginliyin yaranmasına, silahlı qarşıdurmaların baş verməsinə səbəb ola bilər.
Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır.
Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur.
Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq.
First News Media-nın baş redaktoru Rəhman Hacıyev hesab edir ki, bu cür manipulyasiya, Rusiyanın özünə həvalə olunmuş missiya və öhdəliklərin öhdəsindən gəlmədiyinə, bu məsələdə bitərəf qala bilməməsinə dəlalət edir:
“Sülhməramlı missiyanın vəzifələri və funksiyaları Rusiya Federasiyasının daxili qanunvericiliyi və şübhəsiz ki, Müdafiə Nazirliyinin bu xəritələrini çəkən generalların şıltaqlığı ilə deyil, beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Erməni silahlılarının Azərbaycan Respublikasının Xocavənd bölgəsi ərazisindəki, üçtərəfli bəyanatda göstərilən sülhməramlı zonanın xaricində əsgərlərə və mülki şəxslərə hücum etdiyi, bunun nəticəsində Azərbaycan vətəndaşlarının öldürüldüyü və yaralandığı məlumdur.
Həm Rusiya, həm də Ermənistanı bu cür təxribatlara görə cavab verməli olduqları barədə xəbərdar etdik. Artıq məlum olduğu kimi, bu cinayətkarlar artıq öz cəzalarını aldılar. Ancaq Rusiyanın bu məsələdəki davranışı Azərbaycan ictimaiyyətinin etibarını sarsıdır.
Çox ümid edirəm ki, bu özfəaliyyət ən qısa müddətdə aradan qaldırılacaq və sülhməramlı missiyanın əvvəlki hüdudlarda olan xəritəsi Müdafiə Nazirliyinin saytında yayımlanacaq”.
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin kifayət qədər suallar doğurduğunu deyən R.Hacıyev iki ölkə arasında münasibətləri pozmaq istəyən qüvvələrə ismarıc da göndərib:
“Onsuz da Azərbaycanda rus əsgərlərinin və hərbi texnikasının ölkə ərazisinə yerləşdirilməsi ilə bağlı kifayət qədər suallar var idi, buna görə də narahatlığımız artırılmamalı və bir sülhməramlı kimi Rusiyaya etimadın qalıqları sarsıdılmamalıdır.
Rusiyanın böyük bir ölkə olduğu və orada çoxlu güc mərkəzlərinin olduğu aydındır. Buna görə bəzi qaynar başları bu cür təxribatçı qərarlar barədə xəbərdar etmək istərdim - Gürcüstanda, Ukraynada və ya başqa yerlərdə həyata keçirilən planların Azərbaycanda həyata keçirilməsinin mümkünlüyünü ağılınızdan belə keçirməyin. Biz öz ərazimizdə buna dözməyəcəyik.
Bilmirəm, Rusiyada ermənilərin havadarlarını nə bu qədər incitdi? Zəfər Paradında ölkəmizin hərbi potensialının nümayişi, yoxsa əsir götürülmüş erməni hərbi texnikasının nümayişi? Və ya bəlkə də bəzi ermənipərəst dairələrin qıcıqlanması Türkiyə prezidenti Ərdoğanın da orada iştirakı ilə bağlıdır?
Bütün bunlar bizi az narahat edir. Bizim üçün həqiqətən vacib olan budur ki, Rusiya həm Dağlıq Qarabağdakı sülhməramlı missiyasını yerinə yetirərkən, həm də bölgədəki siyasətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır.
Bu fonda Azərbaycan pomidorlarının və digər kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağalar süni maneələrdən başqa bir şey deyil. Azərbaycan ictimaiyyətinin də bunu çox yaxşı görür və anlayır. Bütün bunlar Rusiyanın Azərbaycandakı imicinə ciddi zərbə vurur və Rusiya bundan bizdən daha çox şey itirir”.
1news.az