Kamaləddin Qafarov: “Bizim Qarabağa qayıdışımız möhtəşəm olacaqdır!”
“Azərbaycan xalqı Ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildən bəri bizə miras qalmış çox böyük vəzifəni-torpaqlarımızın işğaldan azad edilməsi kimi əzəmətli və qürurverici missiyanı ləyaqətlə yerunə yertirərək, dinc quruculuq və sülh prosesini davam etdirir”.
1news.az xəbər verir ki, bu sözləri millət vəkili Kamaləddin Qafarov yap.org.az-a müsahibəsində bildirmişdir.
O demişdir ki, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi,biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqların gedişində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri və dünya ictimaiyyətini vicdansızcasına aldadırdı. İndi- Vətən müharibəsindən sonra əldə edilmiş məlumatlar və düşmən tapdağı altında olan torpaqlarda aparılmış mühəndis-istehkam işlərinin monitorinqi göstərir ki, Ermənistan işğal etdiyi əraziləri qətiyyən qaytarmağa hazırlaşmırdı.
Kamaləddin Qafarov demişdir ki, rəsmi Yerevan törətdiyi cinayətlər üçün çox yaxın müddətdə beynəlxalq ədalət məhkəməsi qarşısında dayanacaqdır və buna heç kəsin şübhəsi yoxdur. Erməni işğalının, vəhşiliklərinin nəticələrinin kompleks şəkildə aradan qaldırılması üçün tədbirlər planı hazırlanmışdır və bu sahədə əsas diqqət cinayətkarların cəzalandırılması səyləri ilə paralel olaraq, viran edilmiş ərazilərin bərpa edilməsinə yönəldilir. Bunun üçün ilkin olaraq əhaliyə dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər reallşdırılır.
Millət vəkili bildirmişdir ki, məlum olduğu kimi, dekabrın 14-də cənab Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalanmışdır. Bu Sərəncama əsasən təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ayrılacaqdır.
Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin reallaşdırılmasına başlanılacaqdır.
K.Qafarov demişdir ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri üzrə proseslər də davam edir. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq yol tikintisi, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Dost ölkələr investisiya layihələrini reallaşdırmaq üçün Azərbaycana cəlb edilir. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlanılması planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı ölkəmizin dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət edərək, onların şirkətlərini də bu layihələrdə podratçılar kimi fəal iştirak etməyə çağırmışdır. “Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. … Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.