Vüqar Bayramov: “Subsidiya məbləğinin artırılması kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artımın qarşısını alacaq”
“Dizel yanacağının qiyməti bir neçə sektorda xərclərə birbaşa təsir göstərir. Onlardan birincisi kənd təsərrüfatıdır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib:
“Nəzərə alsaq ki, kənd təsərrüfatında istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir. Eyni zamanda ictimai nəqliyyatda dizel yanacağından istifadə olunur. Bu baxımdan dizel yanacağının qiymətinin artmasından sonra hər iki sahə üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir. Nəzərə alsaq ki, il yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür.
Biz də təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablandığı zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirlərini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun”.
Deputatın sözlərinə görə,Tarif Şurasının qərarında da qeyd olunduğu kimi hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır.
“Dəstək mexanizmində də xüsusən dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu, ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir.
Açıqlamalar yayıldı ki, ictimai nəqliyyatda qiymət artımları gözlənilmir, bununla bağlı rəsmi müraciət yoxdur. O konteksdən təbii ki, dizelin qiymətinin artmasındakı fərqin ictimai nəqliyyat sektorunda olan sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir. Nəzərə alsaq ki, belə qiymət artımlarının psixoloji tərəfləri olur. Ona görə daha məqsədəuyğundur ki, istehlak bazarında monitorinqlər gücləndirilsin, xüsusən də süni qiymət artımlarına nəzarətin gücləndirilməi çox vacibdir. Aİ 92 markalı benzin və dizelin qiymətinin qalxmasının hansı sahələrə təsir etməsini müəyyənləşdirmək üçün monitorinqlərin aparılması da vacibdir”.
Qafar Ağayev