ABŞ-ın “Wall Street Journal” nəşrində Azərbaycanın Qarabağ müharibəsində qələbəsinə həsr edilmiş məqalə dərc olunub
Amerikada çıxan “Wall Street Journal” nəşrində “Azərbaycanda Ermənistanla barışmaqdansa, Dağlıq Qarabağ müharibəsində qalib gəlmək daha asan idi” sərlövhəli məqalə dərc edilib.
Trend xəbər verir ki, müəllifi Enn Simmons olan bu məqalə Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməyə nail olduğu sonuncu müharibənin nəticələrinə həsr edilib.
Müəllif yazır ki, minlərlə insanın həlak olması və hərbi əsirlərin vəziyyəti ilə əlaqədar narahatlıq iki ölkə arasında möhkəm sülhün bərqərar olmasına yönəlmiş səyləri çətinləşdirir.
Ötən ilin oktyabr ayında Azərbaycan Ordusunun bu müharibədə iştirak edən gənc snayperi Yusif Budaqovun həyatını itir. Onun 23 yaşı tamam olduğu gündən iki həftə keçmişdi. Yusifin anası Lətifə Budaqovanın sözlərinə görə, indiki məqamda Azərbaycanın Ermənistanla barışması şansı azdır. Lətifə Budaqova jurnalistə deyib: “Barışmaq mümkün deyil, onlar bizim torpağımıza soxulublar, onların ucbatından bizim övladlarımız həlak olub”.
Müəllif vurğulayır ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış tərkib hissəsidir, lakin 30 ilə yaxın müddətdə bu bölgə etnik ermənilərin nəzarəti altında olub.
Ötən ilin payızında Azərbaycan Ordusu vuruşmaların gedişində ölkənin o vaxta qədər işğal altında olan ərazisinin çox hissəsini geri alıb. Noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında bəyanat imzalanması münaqişəyə qəti son qoyulmasına və münasibətlərin bərpasına yönəlib. Lakin hər iki tərəfin məruz qaldığı itkilərin miqyası və dərin kök salmış düşmənçilik hissləri bu hədəfə çatmağı çətinləşdirir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, keçən il sentyabrın 27-də başlanmış 6 həftəlik döyüşlər zamanı Azərbaycanın 2855 nəfərə yaxın döyüşçüsü öldürülüb. 50 nəfər itkin düşüb. Ermənistanın hakimiyyət orqanları bildirirlər ki, erməni ordusunun 3000-dən çox döyüşçüsü həlak olub, Ermənistandan və Azərbaycandan olan mülki əhali arasında qurbanların ümumi sayı isə rəsmi hesablamalara görə 150 nəfərə yaxındır.
Materialda qeyd edilir ki, Ermənistanın baş naziri Paşinyan atəşkəsə razılaşdığına görə ermənilərin çoxu onun istefa verməsini tələb edir, bu razılaşmanı kapitulyasiya aktı kimi pisləyirlər. ABŞ-da, Avropada və dünyanın digər ölkələrində erməni diasporunun üzvləri hazırda Azərbaycanın nəzarətində olan rayonlara qayıtmağı qərara ala biləcək ermənilərə bərabər hüquqlar verilməsinə və onların müdafiəsinin təmin olunmasına çağırıblar. Hərçənd erməni tərəfi 30 il ərzində azərbaycanlı əhalinin öz yurdlarına qayıtması barədə analoji söhbətlərdən qaçırdı.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Enn Simmonsa müsahibəsində bildirib ki, ortaq dil tapmaq çətindir, lakin hər iki tərəf Azərbaycanın Dağlıq Qarabağ regionunun bərbad vəziyyətə salınmış iqtisadiyyatını dirçəltmək və ticarət əlaqələrini, dəmir yolu nəqliyyatını bərpa etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Bu, sülhün bərqərar olmasının mühüm komponentidir.
Hikmət Hacıyev deyib: “Bəzən hər hansı hərbi əməliyyatda, müharibədə qalib gəlmək sülhə nail olmaqdan qat-qat asandır”. Gözlənildiyinə görə, bu gün Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazirlərinin müavinləri müzakirələr aparmaq üçün Moskvada görüşəcəklər.
Bakıdan olan politoloq Əli Hacızadənin sözlərinə görə, sadə azərbaycanlılar ilə ermənilər arasında barışığa nail olmadan möhkəm sülhün bərqərar olması mümkün deyil. O deyib: “Bu, əlçatan hədəfdir, amma indiki məqamda ona nail olmaq mümkün deyil”.
Azərbaycan sülh prosesində üstünlüyə malikdir. O, öz hərbi potensialına görə Ermənistanı xeyli üstələyir. Sovet İttifaqının dağıdıldığı dövrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması uzun müddət Azərbaycan rəhbərlərinin məqsədi olub və Ermənistan üzərində qələbə ilə əlaqədar, Azərbaycanın hər yerində ruh yüksəkliyi hiss olunur.
Atəşkəs haqqında bəyanat imzalanandan sonra bütün Azərbaycanda bayram şənlikləri keçirilirdi. Bakı beynəlxalq aeroportunun immiqrasiya və baqaj zallarının divarlarında, pasport nəzarəti masalarında diqqəti cəlb edən plakatlarda ölkəyə gələn sərnişinlərə müraciətlə yazılıb: “Qarabağ bizimdir. Qarabağ Azərbaycandır”.
S.Xankişiyeva