Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sərt tənqid etdi
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurların Şuşaya maraq salmasından da danışıb.
1news.az-ın verdiyi xəbərə görə, dövlət başçısı müsahibəsində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib:
"Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah.
Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Dövlət Sərhəd Xidmətinin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da.
Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, sözümə, ifadəmə görə bağışlayın. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər.
Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin".
S.Xankişiyeva