Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib – FOTO – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilibdir. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilir. Yəni, yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.
Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər.
Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək.
İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq.
Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.
Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.
Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub.
Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.
O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.
Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.
İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi – ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu.
Onsuz da biz bütün torpaqları azad edəcəkdik. Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir.
Müharibədən sonrakı dövrə gəldikdə indi hər kəs görür ki, Azərbaycanda inkişaf gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik.
Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb.
Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.
Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır.
Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam.
xxx
Şəhid Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva dedi:
- Hörmətli cənab Prezidentimiz, mən Birinci Qarabağ müharibəsinin şəhid Milli Qəhrəmanı İlqar İsmayılovun 90 yaşlı anasıyam. Mən bütün şəhidləri öz övladım hesab edirəm. Ona görə də bütün şəhidlərin valideynləri adından, öz adımdan Sizə minnətdarlıq bildirmək istəyirəm ki, Siz Qarabağın azadlıq sevincini bizə yaşatdınız. Otuz il gözləsək də, o həsrətdən bizi qurtardınız. Bu, böyük fəxrdir. Şəhid ailələri də, şəhid valideynləri də bunun üçün Sizə minnətdardır. Şəhidlərin də ruhu şad oldu, torpaqda rahat uyudular. Onu da qeyd edim ki, Siz Şuşanın azad olunmasını elan edərkən, “Şuşa sən azadsan!” deyərkən elə bir azərbaycanlı tanımıram ki, onun gözündə sevinc yaşı olmasın. Bu, bizim fəxrimiz oldu.
Qeyd etmək istəyirəm ki, Qubadlının iki polisi - İlqar İsmayılov, Əli Məmmədov bir çox kəndləri azad edə-edə Laçın dağlarının ən yüksək zirvəsi olan Qızartı yüksəkliyinə çıxıb Laçın dəhlizini bağlamaq tapşırığı almışdılar. O yüksəkliyə çıxanda onlar məşhur idmançı polislər idi. Çox ağır döyüşlə rastlaşıblar. Ermənilər əvvəlcədən oranı zəbt ediblərmiş. Onlar mühasirəyə düşüblər. Erməni başbilənləri onlara güllə atmayıb. “Onlar bizə diri lazımdır” deyəndə komandir olan İlqar deyib ki, uşaqlar soyuqqanlı olun. Bir atəşlə hamımız onları yerə sərməliyik. Sağ qalanların dediyinə görə, qumbara atmaqla, tüfənglə, avtomatla, bir çox silah-sursatla 48 erməninin meyitləri yerə sərilib. Axırda İlqar deyib ki, biz bunlara təslim olmamalıyıq. Bıçaqları çıxarın əlbəyaxa döyüşə keçək. Orada əlbəyaxa döyüş gedib, bu cəsur oğullar şəhid olublar. İndi Şuşa, Laçın azad olunandan sonra o dağlara baxıb deyirəm, orada bitən qırmızı lalələr, sizə qurban olum. Sizin rənginiz ona görə qırmızıdır ki, o igidlərin qanından su içmisiniz. İndi Prezidentimizin sayəsində, şəhidlərin qanı bahasına torpaqlarımız azaddır, Şuşa da, Laçın da bizimdir. Bizim şəhidlərin ruhu bir də ona görə şaddır ki, cənab Prezident, Siz şəhid ailələrinə böyük qayğı ilə yanaşırsınız, onların hər bir ehtiyacını çox həvəslə ödəyirsiniz. Bu gün bizi buraya dəvət edib ehtiyacı olan şəhid ailələrinə ev bağışlamaqla yenidən öz qayğınızı göstərirsiniz. Xalqımız bunu duyur, hiss edir ki, biz Prezidentimizin himayəsindəyik.
Mən həmişə demişəm, heç kəs qorxmasın ki, gedib şəhid olaram, ailəm baxımsız qalar. Bizim Prezidentimiz hər bir şəhid ailəsinin qayğısına qalır. Sizə bütün şəhid ailələri adından, öz adımdan təşəkkür və minnətdarlıq edirəm ki, Siz bizi bu cür qayğı ilə əhatə edirsiniz. Allah Sizi qorusun, dövlətimizi, xalqımızı qorusun. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Sizinlə fəxr edirik. Allah Sizi həmişə qorusun. Sağ olun.
xxx
İkinci qrup Qarabağ müharibəsi əlili Rahim Babayev dedi:
- Cənab Prezident, müzəffər xalqın Müzəffər Ali Baş Komandanı, Sizə Qarabağ qaziləri adından, şəhid ailələri adından böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Ona görə ki, Siz nəinki bizim Azərbaycan xalqına, bütün türk dünyasına bir hədiyyə etdiniz - Qarabağ hədiyyəsi!
Vaxt uzandıqca son zamanlar insanlarda ümidsizlik yaranmışdı. Amma Siz bütün bu ümidsizliyə son qoydunuz. Dünyanın bir çox ölkələrində müharibələr olur, amma 44 günlük müharibə olmur. 44 gün ərzində belə bir nəticə heç bir yerdə, heç bir ölkədə olmayıb, amma bunu Siz etdiniz. Təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası Sizinlə fəxr edir. Siz bütün dünyaya türkün gücünü və Sizin dediyiniz o “dəmir yumruğu” göstərdiniz və sübut etdiniz. Biz qazi olaraq, əsgər olaraq yenə də Sizin bütün əmr və sərəncamlarınızı yerinə yetirməyə hazırıq.
Hörmətli Prezident, biz qazi olaraq həyatda hər zaman Sizin qayğınızı hiss edirik. Bizim təqaüdlərimiz, pensiyalarımız məhz Sizin sərəncamlarınız əsasında mütəmadi surətdə ilbəil, aybaay artırılır. Məhz bu ilin əvvəlində də sərəncamınızla Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin pensiya və təqaüdləri artırıldı.
Bir neçə il bundan əvvəl biz Qarabağ qazilərinə avtomobil hədiyyə etmisiniz. Mənə də oavtomobildən hədiyyə olunub. Hazırda o avtomobili idarə edirəm. Bu gün isə məni evlə təmin edirsiniz.
Cənab Prezident, Siz nəinki bu xalqa, bütün türk dünyasına lazım olan insansınız. Allah Sizi qorusun. Var olun, sağ olun. Vətən sağ olsun!
Prezident İlham Əliyev: Çox sağ olun.
14:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.