İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
Son 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri var.
Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib: “Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və ardıcıllıqla biz öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpasını mən birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də açıq-aydın hədəflər qarşımıza qoyuldu və biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.